Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
1xeber.media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işinin materiallarında olan sənədlər tədqiq edilib.
Daha sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib və çıxış etmək üçün prokuror Valeh Ələkbərova söz verilib.
İttiham nitqi ilə çıxış edən prokuror Namizəd Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Növbəti proses noyabrın 26-da davam edəcək.
İttihama görə, Günel Əfəndiyeva Namizəd Səfərovla tanış olub. Namizdə Səfərov Vəkillər Kollegiyasından azad olunmasına baxmayaraq, Günel Əfəndiyevaya hüquqi yardım göstərə biləcəyini deyib. O, vəzifəli tanışları vasitəsi ilə Günel Əfəndiyevanın vəzifəyə təyin ediləcəyinə söz verib və ondan 53 min manat pul alıb. Lakin vədinə əməl etməyib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

















