Trampın Ukraynadakı müharibənin dayandırması üçün Putinə “kökə və kötək” seçiminə bənzər təklif irəli sürür. İlk diqqətçəkən məqam ultimatum xarakterli çağırışın niyə sosial media üzərindən edilməsidir: bu, pərdəarxası danışıqlarda nəticənin əldə edilməməsindən qaynaqlana bilər;
Trampın prezident seçilməsindən sonra Moskva və Vaşinqton arasında qeyri-rəsmi danışıqların getdiyi, gizli təmasların qurulduğuna dair məlumatlar vardı. Hətta Rusiya nümayəndə heyətinin Vaşinqtona getdiyi, müzakirələrin davam etdiyi deyilir. Kəşfiyyat məlumatları üzrə ixtisaslaşmış “Intelligence Online” saytının iddialarına görə, qapalı təmaslarda Trampın inaqurasiyasından bir ay sonra – fevral ayında Putinlə görüşün keçirilməsi və müharibənin bitirilməsi üzərində razılaşma əldə edilib. Hətta qarşıdakı həftələrdə ABŞ-Rusiya nümayəndələrinin Vaşinqtonda yenidən görüşəcəyi deyilir.
Qapalı təmasların davam etdiyi vaxt Trampın Putinə ultimatum verməsinin səbəbi tərəflərin razılaşa bilməməsidir. Danışıqlar masasında müzakirə edilən variantla bağlı müəyyən ehtimallar irəli sürmək mümkündür:
- Rusiyanın Ukraynada işğal etdiyi ərazilər üzərində nəzarəti de-fakto qəbul edilir; Kiyev təhlükəsizliyin verilməsi şərti ilə buna razılaşır, Trampın “Zelenski danışıqlara razıdır, Putin yox” sözləri, eləcə də Zelenskinin də “güclü təhlükəsizlik qarşılığında diplomatik yolla gedə bilərik” açıqlaması da bu fikri ön plana çıxarır;
Rusiyanın istəkləri isə təkcə Ukraynada işğal edilən ərazilər üzərində nəzarətin tanınması ilə yekunlaşmır. İstisna deyil ki, Moskva Ukrayna müharibəsindən öncə ABŞ/NATO-ya təqdim etdiyi “paket tələblərin” – NATO-nun genişlənməməsi, Ukraynanın Qərb və Rusiya arasında “tərəfsiz” bölgə olması və s. - müəyyən korekt edilmiş formada olsa da, qəbul edilməsini istəyir. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun Putin-Tramp görüşünün təşkili ilə bağlı “Vaşinqtondan daha aydın və konkret bir şey eşidəndə, qrafikləri və təşkilati məsələləri koordinasiya etməyə başlayacağıq” açıqlaması da o deməkdir ki, ABŞ ruslara istədiklərini vermək niyyətində deyil.
Tramp Rusiyanı məcbur etmək üçün Ukraynanı silahlandırmaq və müharibə meydanında dirəniş göstərmək xəttini dəstəkləmir, əvəzində sanksiyaları genişləndirməyi planlaşdırır. Rusiya ABŞ-ın indiyə qədər tətbiq etdiyi sanksiyalar qarşısında “ölməyib”, lakin “ölümcül zərbə” hesab edilən enerji sektoruna qarşı addımların gücləndirilməsi Moskvanı çətin vəziyyətə sala bilər. Trampın Davosdakı çıxışı - neft qiymətlərini aşağı salmaq hədəfi bunun anonsudur. Bu baxımdan, Rusiyanın Ukraynadakı ələ keçirdiyi ərazilər üzərində nəzarətin saxlanılması şərti ilə razılaşmanı qəbul etməsi ehtimalı bu dəfə daha güclü görünür.
Müharibənin indi dayanması bütün tərəflərə sərfəli görünür:
- Moskva iqtisadi və hərbi itkilər fonunda mövcud nəticələri “qələbə” kimi təqdim edə bilər: “Röyters” agentliyinin mənbələrdən əldə etdiyi məlumatlara görə, Kremldə “xüsusi əməliyyatın” hədəfinə çatdığı və razılaşmanın mümkünlüyü fikri ön plana çıxır;
- Kiyev Kursk da daxil olmaqla Rusiyanın dərinliklərinə zərbələr endirsə də, bu, cəbhədəki vəziyyəti dəyişmək üçün yetərli olmadı: mövcud vəziyyətdə, xüsusilə Tramp Amerikanın yardımları dayandırması fonunda təhlükəsizlik qarantı əldə etmək qarşılığında müharibəni dayandırmaq mümkün çıxış yolu kimi görünür;
- Ukrayna müharibəsini bitirmək Tramp Administrasiyasının təkcə “nəticə” əldə etməsi baxımından yox, növbəti hədəfə - İrana fokuslanması üçün də əhəmiyyətlidir:
Mümkün danışıqlar masasının qurulmasına qədər ABŞ-Ukrayna-Rusiya xəttində sərt ritorikanın müşahidə ediləcəyi gözləniləndir. Bu, danışıqlarda istədiyini almaq üçün prosesə “yüksək hədəflə” daxil olmaq gedişinə də bənzəyir.
Asif Nərimanlı