Qurban bayramı həm paylaşmaq, həm də ehtiyacı olan insanlara diqqət və qayğı göstərmək bayramıdır. Xüsusilə şəhid ailələrinə təqdim olunan bayram sovqatı dövlətin və cəmiyyətin həmin ailələrə hörmətinin göstəricisi sayılır. Ancaq Cəlilabad Rayon İcra Hakimiyyətinin şəhid ailələrinə göndərdiyi ətlə bağlı ortaya çıxan görüntülər ciddi narazılıq yaradıb.
1xeber.media bildirir ki, yayılan videogörüntülərdə göndərilən ət istifadəyə yararsız vəziyyətdə olması, ətin göyərdiyi, qoxu verdiyi, hətta qurdladığı görünür. Ən acınacaqlısı isə budur ki, bu paylar məhz şəhid ailələrinə göndərilib.
Cəlilabad Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı açıqlama verərək bildirib ki, guya isti hava və çatdırılmadakı gecikmə səbəbindən bəzi paylarda problem yaranıb. Lakin bu açıqlama inandırıcı deyil. Çünki 1-2 saatlıq gecikmədə ətin qurdlaması mümkün deyil. Qida təhlükəsizliyi ilə bağlı ən sadə bilgisi olan insan belə bilir ki, ətin qurdlaması üçün müəyyən zaman keçməlidir. Yayılan görüntülərdə də vətəndaşlar açıq şəkildə bildirirlər ki, həmin ət təzə deyil, ən azı 4-5 gün əvvəl kəsilmiş ətə bənzəyir.















