“Toplum TV”, “Abzas Media” və digər layihələr üzrə aparılan istintaq araşdırmaları olduqca maraqlı faktlar üzə çıxarır.
1xeber.media xəbər verir ki, hazırda həbsdə olan şəxslərin etirafları bu layihələrdə kifayət qədər qeyri-qanuni halların olduğunu, hətta konspiroloji metodlardan istifadə edildiyini göstərir.
Faktlar və həbsdə olan şəxslərin etirafları “Demokratik Təşəbbüslər İnstitutu”, “Toplum TV”, “Abzas Media”, “Fakt yoxla”, “lll Respublika Platforması” layihələrinin başında Akif Qurbanovun durduğunu təsdiqləyir.
Artıq ölkə mediasında yayılmış məlumatlar da onu deməyə əsas verir ki, bu layihələrin arxasında Qərb mərkəzləri durub, onların Azərbaycanda icrasını isə Akif Qurbanov həyata keçirir. Layihələrin funksionallığının təmin edilməsindən, maliyyələşməsindən tutmuş, onların icrasına kimi bütün məsələlər Akif Qurbanovun nəzarəti altında reallaşıb.
İlk növbədə bu layihələr qanunların tələb etdiyi kimi dövlət qeydiyyatına alınmadan gerçəkləşdirilib, onların maliyyə uçotu aparılmayıb, vəsaitlər isə ölkə xaricində fəaliyyət göstərən donor təşkilatların qrantlarından ibarət olub. Vəsaitlər ilkin dövrdə Gürcüstan vasitəsilə nağd şəkildə gətirilib, sonradan həmin marşrut ifşa olunduğuna görə A.Qurbanov tanıdığı şəxslərin imkanlarından istifadə edib.
Bir sıra hallarda xarici donorların nümayəndələri layihə rəhbərləri ilə birbaşa əlaqə qurub və cari məsələləri müzakirə ediblər. Məsələn, 2024-cü ilin yayında ABŞ-nin “NED” təşkilatından Noah Lloyd və Uliana Certan adlı əməkdaşlar həmin dövrdə “Toplum TV”yə rəhbərlik edən şəxslə əlaqə saxlayaraq qrant vəsaitlərinin ayrılması ilə bağlı müzakirələr aparıblar.
İşçi müzakirələr üçün əməkdaşlar “WatsApp”da qruplar yaradıblar, lakin prinsipial məsələlərin müzakirəsi və xariclə təmaslar daha təhlükəsiz hesab etdikləri “Signal” və “Telegram” tətbiqləri vasitəsilə həyata keçirilib.
Məlumdur ki, “Toplum TV”nin əməkdaşları həbs olunduqdan sonra həmin resurs bir müddət xaricdən idarə olunub. Bu işi hazırda Çexiyada yaşayan Əhəd Əhədli icra edib. O, TV-nin fəaliyyətini davam etdirmək üçün Azərbaycandakı icraçıya ayda 1000 dollar ödəyib. Bunun müqabilində isə 2024-cü il ərzində gündəlik bir neçə xəbər hazırlanıb və elektron poçt vasitəsilə Ə.Əhədliyə göndərilib.
Akif Qurbanov və digər şəxslərin həbsindən sonra məhz Ə.Əhədlinin təşkilatçılığı ilə jurnalistlər Fərid İsmayılov, Gülyetər Mahmudova, Cəmilə Əzimova tapşırığa əsasən, “Toplum TV”nin “Youtube” kanalı üçün videosüjetlər hazırlayıblar, həmin materiallar redaktor tərfindən redaktə edilib və Ə.Əhədliyə göndərilib.