“3 və daha çox uşağı olan analara pensiya5 il tez çıxmaq imkanı verilməsi dövlətin çoxuşaqlı ailələri stimullaşdırmaq istiqamətində atdığı sosial təşviq addımı kimi qiymətləndirilə bilər. Bu, ailə institutunun güclənməsinə və doğum səviyyəsinin müəyyən qədər artmasına müsbət təsir göstərə bilər”.
1xeber.media xəbər verir ki, bunu Demokrat.az-a sosioloq Sevinc Qasımova bildirib.
O diqqətə çatdırıb ki, reallıqda ailələrin uşaq sayına təsir edən əsas amillər sosial təminat, iqtisadi sabitlik, mənzil problemi və qadınların əmək bazarındakı vəziyyəti ilə bağlıdır:
“Yəni təkcə pensiya güzəşti ailələrin çoxuşaqlı olmağa qərar verməsində həlledici motivasiya yarada bilməz. Xüsusilə gənc nəsil daha çox maddi sabitliyə, iş imkanlarına və uşaqlara keyfiyyətli təhsil, səhiyyə təmin etməyə üstünlük verir. Bununla belə, belə bir güzəştin tətbiqi cəmiyyətdə çoxuşaqlı ailələrin nüfuzunu artırmaq, anaların sosial statusunu gücləndirmək baxımından müsbət addım ola bilər”.

















