1xeber.media 1business.media -ın instaqram səhifəsinə istinadən xəbər verir ki, süni intellektin sürətli inkişafının yaratdığı təhlükələr və bu texnologiyanın nə dərəcədə nəzarətdə saxlanıla biləcəyi ilə bağlı müzakirələr genişlənib. Mövzu Anthropic şirkətinin rəhbəri Dario Amodeinin inkişaf etmiş süni intellekt modellərinin hazırlanma tempinin azaldılması çağırışından sonra yenidən gündəmə gəlib.
OpenAI CEO-su Sam Altman San-Fransiskoda keçirilən Salesforce konfransında süni intellektin sürətlə artan imkanlarının yaratdığı risklərə toxunaraq dünyanın bu təhlükələrdən narahat olmaqda haqlı olduğunu bildirib. Altman texnologiya şirkətlərinin süni intellekti təhlükəsiz şəkildə inkişaf etdirə biləcəyinə inandığını deyib.
Altman bildirib ki, təhlükəsizliklə bağlı işlər süni intellektin inkişafından geri qalmamalıdır. Bunun təmin edilmədiyi halda şirkətlərin inkişaf tempini azaltmalı və ya işləri dayandırmalı olduğunu vurğulayıb.
Amodei isə təhlükəsizlik tədbirlərinin texnoloji inkişaf tempinə çatması üçün ən qabaqcıl süni intellekt modellərinin imkanlarının artım sürətinin aşağı salınmasını təklif edib. O, müstəqil təhlükəsizlik qiymətləndiricilərinin cəlb edilməsini, şirkətlər arasında ortaq təhlükəsizlik standartlarının müəyyənləşdirilməsini və beynəlxalq əməkdaşlığın gücləndirilməsini təklif edib.
Bu yanaşma Google DeepMind rəhbəri Demis Hassabis və Elon Musk tərəfindən də dəstəklənib. Musk Amodeinin mövqeyinin doğru olduğunu bildirib.
Müzakirəyə ABŞ Prezidenti Donald Trump və “Nvidia” CEO-su Jensen Huang da münasibət bildiriblər. Trump süni intellektin insanlığı məhv edə biləcəyi ilə bağlı narahatlıqları rədd edərək yeni təhlükəsizlik qaydalarına ehtiyac olmadığını müdafiə edib. Huang isə süni intellektin təhlükəsizliyinin əsasən mühəndislik məsələsi olduğunu və yeni qanunlara ehtiyac olmadığını deyib.
Mübahisənin əsas mövzularından biri də süni intellekt şirkətlərinin təhlükəsizlik məsələlərində öz fəaliyyətlərini özlərinin tənzimləməsinin kifayət edib-etməməsidir. Bu yanaşmaya qarşı çıxanlar şirkətlərin tamamilə özünütənzimləməyə buraxılmasının ciddi risklər yarada biləcəyini bildirirlər.
















