1xeber.media 1business.media -ın instaqram səhifəsinə istinadən xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.
Müəssisəyə 2023-cü ildə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib. Layihənin ümumi dəyəri 113,9 milyon manatdır. Maliyyələşməyə özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manat investisiyası və 10 milyon manat güzəştli kredit vəsaiti cəlb olunub.
Şirkətin təsisçiləri Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş.” şirkəti (66%), Azərbaycan Biznesinin İnkişafı Fondu (29%) və Türkiyənin “SİA Pharmaceuticals” şirkətidir (5%).
5,2 hektar ərazidə yerləşən zavodun illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsuldur. Müəssisədə kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici və antibiotik preparatlarının istehsalı nəzərdə tutulur.
Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsal etdiyi avadanlıqlar quraşdırılıb.
Müəssisədə istehsalın artırılması, 5 il ərzində 500-dən çox preparatın lokallaşdırılması, daxili tələbatın qarşılanması və ixrac coğrafiyasının genişləndirilməsi planlaşdırılır. Məhsulların Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrə ixracı nəzərdə tutulur.
Müəssisədə 178 nəfər daimi işlə təmin ediləcək. Pirallahı Sənaye Parkının rezidenti kimi zavod 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad olunub.
















