Avqustun 26-sı saat 18:00 radələrində Bakının Azadlıq prospekti 149 ünvanında yerləşən çayxanada insident baş verib.
1xeber.media xəbər verir ki, Jurnalist Samir Feyruzovun yaydığı məlumata görə, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin atası olduğu bildirilən Məhəmməd Abdullayev Aqil adlı şəxsin baş nahiyəsinə küt alətlə zərbə endirib. Yaralanan şəxs xəstəxanaya yerləşdirilib.
Jurnalist məsələni dəqiqləşdirmək üçün Səbuhi Abdullayevlə əlaqə saxladığını bildirib. Onun sözlərinə görə, icra başçısı məlumatı nə təsdiqləyib, nə də təkzib edib.
İlkin iddialara əsasən, tərəflər arasında daha əvvəl baş vermiş alış-verişlə bağlı mübahisə yaranıb və qarşıdurma fiziki insidentlə nəticələnib.
Hadisənin bütün detalları və tərəflərin rəsmi mövqeyi hələlik açıqlanmayıb. Məlumatda səsləndirilən iddiaların hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənməsinə dair rəsmi açıqlama yoxdur.
















