Bu gün təqvim sadəcə oktyabrın 3-nə keçid etmir; bu gün müasir Azərbaycan dövlətçiliyinin ən böyük xilaskarlıq missiyasının rəsmiləşdiyi, xalqın öz taleyini sarsılmaz təməllər üzərinə qurduğu mühüm dönüş nöqtəsidir.
Düz 33 il əvvəl, 1993-cü il oktyabrın 3-də xalqımız mütləq iradə və böyük səs çoxluğu (98.84%) ilə özünün gələcək müqəddəratını təyin etdi – Ulu Öndər Heydər Əliyevi müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi. Ölkənin daxili didişmələr, parçalanma, etnik separatizm və dərin iqtisadi-siyasi iflas içində boğulduğu o mürəkkəb günlərdə bu seçim, əslində, müstəqilliyimizin ölüm-qalım imtahanı idi.
Məhz bu tarixi günün ildönümü ərəfəsində, paytaxtın əzəmətli məkanlarından olan Heydər Əliyev Mərkəzində ölkənin rəhbər siyasi qüvvəsinin – YAP-ın VIII Qurultayının keçirilməsi təsadüfi deyil, böyük bir rəmzi mənadır. Bu, təkcə partiyadaxili hesabat və seçki tədbiri yox, həm də Ulu Öndərin əsasını qoyduğu siyasi varisliyin və milli hədəflərin möhtəşəm təntənəsi kimi yadda qaldı.
Zəfərdən Sonra Keçirilən İlk Tarixi Qurultay
Qurultayda proqram xarakterli geniş nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev xüsusi bir tarixi məqamı dilə gətirdi: “İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir”. Bu cümlə, əslində, 1993-cü il oktyabrın 3-də Ulu Öndərin and içərkən qarşıya qoyduğu ən müqəddəs vəsiyyətin və böyük strateji planın məntiqi yekunudur.
Dövlət başçısı haqlı olaraq vurğuladı ki, Yeni Azərbaycan Partiyası nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqazın ən böyük, ən mütəşəkkil siyasi qüvvəsidir. Müxalifət partiyası kimi çətin şərtlərdə yaradılan, xalqın tələbindən və Ümummilli Liderin dühasından doğan bu təşkilat artıq 30 ildən çoxdur ki, iqtidardadır və Azərbaycanın imza atdığı hər bir qlobal uğurda, hər bir iqtisadi zəfərdə partiya fəallarının çox böyük payı, əvəzsiz töhfəsi var.
Dünənin, Bu günün və Gələcəyin Partiyası: Yeni Prioritetlər
Qurultayda diqqət çəkən əsas məqamlardan biri də gələcəyə yönələn strateji hədəflərin elan edilməsi oldu. İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın suverenliyini tam bərpa etməsi bizi arxayınlaşdırmır. Qarşıda duran ən mühüm vəzifələrdən biri yenə də ölkənin hərbi qüdrətinin və müdafiə qabiliyyətinin davamlı şəkildə artırılmasıdır. Bununla yanaşı, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun sürətli bərpası, Böyük Qayıdış proqramının uğurla icrası, "Ağıllı kənd və şəhər" layihələri, yaşıl enerji keçidi və əhalinin sosial rifahının daha da gücləndirilməsi partiyanın növbəti mərhələdəki ana xəttini təşkil edəcək.
Tədbirdə nizamnamə dəyişiklikləri yekdilliklə qəbul olundu, İdarə Heyətinin 40 nəfərlik, Təftiş Komissiyasının isə 13 nəfərlik yeni tərkibi təsdiqləndi. Bu struktur yenilənməsi partiyanın müasir çağırışlara və gənc nəslin potensialının rəhbər idarəetməyə inteqrasiyasına verdiyi önəmin bir göstəricisidir.
Tarixi retrospektivlə baxdıqda aydın görünür ki, 3 oktyabr 1993-cü il seçkiləri olmasaydı, bu gün nəinki iqtisadi nəhəngə çevrilən Azərbaycandan, heç bütöv və suveren dövlətdən danışmaq mümkün olmazdı. Ulu Öndərin o dövrdə reallaşdırdığı fundamental islahatlar, "Əsrin müqaviləsi" ilə ölkəyə cəlb edilən qlobal investisiyalar bu gün Şuşada, Xankəndidə, Laçında dalğalanan bayrağımızın maddi və mənəvi güc qaynağıdır.
YAP-ın VIII Qurultayı bir daha təsdiq etdi ki, əsası 1993-cü ildə qoyulan güclü liderlik institutu və dövlətçilik xətti Azərbaycanda sarsılmazdır. Ölkəmiz Ümummilli Liderin qurub yaratdığı, cənab İlham Əliyevin isə zirvəyə daşıdığı möhkəm təməllər üzərində gələcəyə tam əminliklə və yeni qələbələrin ssenarisi ilə addımlayır.
Müasir müstəqil dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin ideyaları hər zaman yolumuzu işıqlandıracaq!
Aidə Tofiqqızı

















