Elm və Təhsil Nazirinin müavini, “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə “Azərbaycan müəllimi”nə müsahibəsində 2022-2024-cü illər ərzində sertifikatlaşdırmaya cəlb edilmiş müəllimlər haqqında məlumat verib.
1xeber.media xəbər verir ki, onun sözlərinə görə, bu illər ərzində 65 minə yaxın müəllim sertifikatlaşdırma prosesinə qoşulub. Sertifikatlaşdırmadan uğurla keçmiş 55 min müəllimin əməkhaqqına əlavə təyin edilib.
38 mindən çox müəllimin əməkhaqqına 10% əlavə edilib ki, bu kateqoriyadan olan müəllimlərin orta aylıq əməkhaqqı 980 manat təşkil edir.
17 mindən çox müəllimin əməkhaqqına isə 35% əlavə tətbiq olunub, onların orta aylıq əməkhaqqı isə 1295 manata çatıb.
Kənan Kərimzadə əlavə edib ki, cari ildə 20 mindən çox müəllimin bu prosesə cəlb olunması nəzərdə tutulur. Bu məqsədlə dövlət büdcəsindən əlavə olaraq 60.8 milyon manat ayrılıb və ümumilikdə əməkhaqqı əlavələri üçün 154.4 milyon manat vəsait planlaşdırılıb.