Emin Əmrullayevdən şok bəyanat: "700 ballıq" uğur modeli saxtadır, bir neçə uşaqla bizi sevindirə bilməzsiniz"
Elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin sertifikasiya hesabatına dair keçirilən rəsmi tədbirdə Azərbaycan təhsil sistemindəki köklü problemləri ifşa edən kəskin bəyanatlar səsləndirib. Nazir illərdir cəmiyyətə təqdim olunan yüksək göstəricili "vitrin uğurları" modelini tənqid edərək iki böyük mifi daxildən dağıdıb.
E.Əmrullayev çıxışında müəllim və şagird uğurunun fərdi məsələ olmadığını, məktəbin bir kollektiv işi olduğunu vurğulayıb. O, hər il rayonlarda icra başçılarının iştirakı ilə keçirilən 700 ballıq şagirdlərin təltif mərasimlərini tənqid edərək, bu sistemin arxasında savadsız qalan minlərlə uşağın problemlərinin gizlədildiyini bildirib. Nazir qeyd edib ki, həmin rekordçuların böyük hissəsi məktəbin yox, repetitorların hesabına bu nəticəni qazanır, bu isə real təhsil keyfiyyətini əks etdirmir.
Nazir təhsil idarəçiliyində meyarların tamamilə dəyişəcəyini elan edərək tabeliyindəki qurumlara sərt mesaj göndərib: “Məni bir neçə istedadlı uşaqla sevindirə bilməzsiniz. Mənə göstərin ki, neçə uşağı itirməmisiniz. Məktəblərdə təhsilin vəziyyəti məhz savadsız buraxılmayan uşaqların sayısı ilə ölçüləcək”. Nazirliyin yeni strategiyasında əsas prioritetin bir neçə parlaq şagird yetişdirmək yox, dibdə qalan və cəmiyyət üçün yükə çevrilə biləcək zəif şagirdlərin xilas edilməsi, həmçinin ibtidai təhsil bazasının gücləndirilməsi olacağı bəyan edilib.















