Azərbaycanda müəllimlərin maaşı ilə bağlı son illərdə geniş müzakirələr aparılır. Bəzi müəllimlər maaşlarının az olduğunu bildirir, digərləri isə hazırkı əməkhaqqını qənaətbəxş hesab edirlər. Son olaraq elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin maaşlarının artacağını, lakin bununla paralel olaraq onların sayının azalacağını açıqlayıb.
Qeyd edək ki, hazırda sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqı 1295 manat, digər uğur qazanan müəllimlərin maaşı isə 980 manat təşkil edir. Hazırda ölkə üzrə 64901 müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib və onlardan 55510 nəfərin maaşına əlavələr olunub. Müəllimlərin maaşı onların tədris etdiyi dərs saatlarından birbaşa asılıdır.
Lakin bəzi ekspertlər müəllimlərin maaşının artırılmasının təhsilin keyfiyyətinə birbaşa təsir etmədiyini bildirirlər. Onların fikrincə, yalnız maaş artımı ilə keyfiyyətli təhsilə nail olmaq mümkün deyil. Təhsilin inkişafı üçün kurikulumların yenilənməsi, müəllim hazırlığının təkmilləşdirilməsi, sinif otaqlarının maddi-texniki bazasının gücləndirilməsi və şagirdlərin motivasiyasının artırılması kimi məsələlərə də xüsusi diqqət yetirilməlidir.
Müşahidəçilər hesab edir ki, maaş artımı müəllimlərin sosial rifahını yaxşılaşdıra bilər, lakin bu, onların peşəkar bacarıqlarını artırmayacaq. Yüksək əməkhaqqı, təcrübəli və savadlı müəllimlərin peşədə qalmasına səbəb ola bilər, lakin uzunmüddətli perspektivdə təhsil keyfiyyətinin yüksəlməsi üçün əlavə islahatlar da həyata keçirilməlidir.
Təhsil işçiləri maaş artımının stimullaşdırıcı rol oynadığını və müəllimlərin işə yanaşmasını dəyişdiyini düşünürlər. Onların fikrincə, sertifikatlaşdırma sisteminin tətbiqi və yüksək nəticə göstərən müəllimlərin daha çox qazanc əldə etməsi gələcəkdə təhsildə rəqabəti artıracaq. Ümumilikdə, müəllim maaşlarının artırılması təhsil sektorunda mühüm bir addım sayılsa da, problemlərin köklü həlli üçün kifayət etmir.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova da Modern.az-a açıqlamasında bildirib ki, təhsilin keyfiyyətinin artırılmasını yalnız müəllimlərin maaşları ilə əlaqələndirmək doğru yanaşma deyil:
“Elm və Təhsil Nazirliyinin əsas məqsədi təkcə müəllimlərin maddi rifahını yüksəltmək deyil, eyni zamanda onların peşəkar inkişafını və tədris metodlarının müasir tələblərə uyğunlaşdırılmasını təmin etməkdir.
Bugünkü təhsil sistemində əsas məsələlərdən biri müəllimlərin pedaqoji prosesə və öz peşələrinə yanaşma tərzidir. Müasir dünyada müəllimin rolu yalnız bilik ötürmək deyil, həm də şagirdlərə tənqidi düşünməyi, problemləri həll etməyi və yaradıcı yanaşmanı öyrətməkdir. Bu isə müəllimlərin daim yenilənən biliklərə və innovativ tədris metodlarına sahib olmasını tələb edir.
Elm və Təhsil Nazirliyi son illərdə müəllimlərin peşəkar inkişafı üçün müxtəlif proqramlar həyata keçirir:
Sertifikasiya imtahanları- Müəllimlərin bilik və bacarıqlarını qiymətləndirən və onların peşəkar inkişafını və əməkhaqqının stimullaşdıran sistemdir.
Təlim və seminarlara çıxış – Müasir pedaqoji metodlar və innovativ yanaşmalar haqqında təlimlər, forumlar təşkil olunur.
Lakin bəzi müəllimlər bu imkanlardan tam istifadə etmir, ənənəvi metodlardan imtina etmək istəmir və peşəkar inkişaflarını ikinci plana atırlar. Halbuki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, müəllimlərin peşəkar inkişafına qoyulan sərmayə təhsilin keyfiyyətinə birbaşa təsir edir”.
G.Əkbərova qeyd edib ki, dünyanın qabaqcıl təhsil sistemləri göstərir ki, təhsil keyfiyyətinin yüksəldilməsi üçün yalnız maaş artımı kifayət etmir:
“Məsələn: Finlandiya modeli, burada müəllimlər yüksək maaş alsalar da, onların seçimi çox ciddi mərhələlərdən keçir. Hər müəllim magistr təhsili almalı və ömür boyu davamlı inkişaf proqramlarına qoşulmalıdır. Yüksək əməkhaqqı ilə yanaşı, onlardan innovativ və tənqidi düşüncəyə əsaslanan metodlar tətbiq etmək tələb olunur.
Sinqapurda da müəllimlərin peşəkar inkişafı dövlət tərəfindən prioritet hesab olunur. Müəllimlər müntəzəm olaraq təlimlərə qatılır və onların peşəkarlıq səviyyəsi daim qiymətləndirilir. Burada əsas məqam müəllimlərin öz üzərində işləməsinin sistematik və davamlı olmasıdır.
Kiçik, amma uğurlu təhsil sistemi olan Estoniyada müəllimlər müasir texnologiyalardan istifadə etməyə təşviq edilir və onların rəqəmsal bacarıqları inkişaf etdirilir. Maaşlar tədricən artırılır, lakin müəllimlərin innovativ yanaşması əsas diqqət mərkəzindədir”.
Müsahibimiz sonda qeyd edib ki, çıxış yolu olaraq Azərbaycan təhsilində də bu modellərdən öyrənərək, müəllimlərin inkişafını stimullaşdırmağın mümkün olduğunu düşünür:
“Bunun üçün müəllimlərin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə çıxış imkanlarının artırılması, müəllimlərə dünyanın qabaqcıl metodologiyalarını öyrənmək üçün daha geniş imkanlar yaradılmalıdır.
Rəqabətli və innovativ yanaşmaların təşviqi olmalıdır. Sertifikasiya imtahanlarında biz bu rəqabət mühitinin yaradıldığını gördük, əlavə olaraq isə Dərəcələndirmə sistemləri olmalıdır ki, müəllimlərin daim öyrənməsini və öz biliklərini yeniləməsini təmin etməlidir.
Müəllimlərin müasir texnologiyalardan istifadə etməsi üçün xüsusi proqramlar həyata keçirilməlidir ki, bu da artıq rəqəmsal məktəb layihəsi ilə başlayıb.
Müəllimlərin ömürboyu təhsil anlayışını mənimsəməsi olduqca vacibdir. Müasir dünyada təhsil daimi prosesdir və müəllimlərin də öz bilik və bacarıqlarını daim yeniləməsi lazımdır.
Anlayıram maaş məsələsi vacib olsa da, bu, təhsildə bütün problemləri həll edən yeganə faktor deyil. Təhsilin keyfiyyəti müəllimlərin öz peşələrinə yanaşma tərzindən, metodik biliklərindən və innovasiyalara açıq olub-olmamasından asılıdır. Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan imkanlardan maksimum istifadə etməklə, müəllimlər öz peşəkarlıqlarını artırmalı və müasir təhsil metodlarını tətbiq etməlidirlər. Ancaq bu zaman təhsildə real keyfiyyət dəyişikliyinə nail olmaq mümkündür”.