Gəncədə vergidən yayınma faktına niyə göz yumulur? - Dövlət büdcəsindən gizlədilən milyonlar
12 saylı Ərazi Vergilər Departamentinin "himayəçilik" şübhəsi
1xeber.media xəbər verir ki,Gəncədə iri ticarət obyektlərindən birində — “Xan Univermaq”da — vətəndaşların iddiasına görə, nağdsız ödəniş qəbul edilmir, POS-terminal təqdim olunmur. Müştəriyə isə sadəcə “bankomata gedib nağd pul çıxarın, gəlin” deyilir.
Əgər bu məlumatlar doğrudursa, məsələ artıq sadəcə bir mağazanın ödəniş qaydası deyil — qanunvericiliyə və istehlakçı hüquqlarına münasibət məsələsidir.
Daha maraqlı sual isə başqadır: Vətəndaşlar 195 çağrı mərkəzinə müraciət etdiklərini bildirirlər. Bəs 12 saylı Ərazi Vergilər İdarəsi bu obyektlə bağlı niyə hələ də ciddi tədbir görmür?
Hər gün böyük dövriyyənin olduğu iddia edilən iri ticarət obyektində nağdsız ödəniş imkanının olmaması və dövriyyənin şəffaflığı ilə bağlı suallar yaranırsa, vergi orqanının susması özü ayrıca araşdırılmalı məsələdir.
Bir mağaza qanuna nümayişkaranə şəkildə məhəl qoymursa, buna kim və niyə göz yumur?
“Pulumuzu verib işləyirik” ifadəsi də ayrıca sual doğurur: kimə pul verilir? Hansı puldan söhbət gedir?
Heç kim heç kimi ittiham etmir. Sadəcə sual veririk: 12 saylı Ərazi Vergilər İdarəsinin bu obyektə münasibətində hər hansı maraq varmı? Əgər yoxdursa, o zaman bunu ən qısa zamanda əməli addımlarla göstərmək lazımdır.















