Ceyhun Bayramov həmkarı ilə görüşdü
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində Kolumbiya Respublikasının xarici işlər naziri Luis Gilberto Muriyo ilə görüşüb.
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə, Azərbaycan və Kolumbiya arasında əməkdaşlıq perspektivləri, ölkəmizin COP29 sədrliyi, mövcud təşəbbüs və prioritetlər müzakirə olunub.
Azərbaycan və Kolumbiya arasında ikitərəfli, o cümlədən BMT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli müstəvidə əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırıb.
İki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün mövcud imkanların dəyərləndirilməsi və müzakirəsi istiqamətində siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.
Ölkəmizin COP29 sədrliyi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, sədrlik prosesimizin bir çox ölkələr, o cümlədən Kolumbiya ilə iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq imkanlarımızı genişləndirdiyini qeyd edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.