YAP-ın təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Noyabrın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını müasir dövlətçilik tariximizin ən qürurverici hadisəsi – zirvə nöqtəsi olan və Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən şanlı Zəfərin dördüncü ildönümü münasibətilə salamlamaqdan böyük məmnunluq duyduğunu bildirib. Tahir Budaqov vurğulayıb ki, Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasının, əzəli yurd yerlərinə əbədi qayıdışının hədsiz sevinc və qürurunu yaşamaqla 8 Noyabr – Zəfər Gününü böyük coşqu ilə qeyd edir: “Əlbəttə, bu tarixi Qələbə heç də asanlıqla qazanılmamış, möhtəşəm Zəfərə gedən yol olduqca çətin və keşməkeşli olmuşdur. “Biz öz torpaqlarımızın sahibi olmalıyıq. Sülh yolu ilə məsələləri həll etməliyik. Nəyin bahasına olur-olsun, hansı yolla olur-olsun, Şuşa da, Qarabağ da, bütün işğal olunmuş torpaqlar azad olunacaq - Azərbaycan xalqının iradəsi, Azərbaycanın qəhrəman oğullarının şücaəti ilə azad olunacaq və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq!”, - deyən Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu hədəfə çatmaq üçün məqsədyönlü addımlar atılmış, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda məqsədyönlü işlər görülərək Azərbaycanı böyük Zəfərə aparan yolun əsası qoyulmuşdur. Bu gün iftixarla qeyd edirik ki, torpaqlarımız döyüş meydanında Ümummilli Lider Heydər Əliyevin siyasi varisi – Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunmuşdur. Eyni zamanda onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi müstəqillik illərində milli maraqlara əsaslanan qətiyyətli siyasətin məntiqi nəticəsidir”.
YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan xalqı heç vaxt torpaqlarımızın işğal faktı ilə barışmamış, 30 ilə yaxın müddət ərzində inamını itirmədən haqq-ədalət mübarizəsini davam etdirərək tarixi Qələbəyə köklənmişdir: “Çünki xalqa arxalanaraq Azərbaycan dövlətini Zəfərə aparan liderlər - Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tarixin mühüm anlarında və taleyüklü məqamlarında ölkəni çətin sınaqlardan çıxarmaqla, parlaq nailiyyətlərə imza atmaqla bu sonsuz güvəni – sarsılmaz Qələbə inamını yaratmışlar. Vətənin bütövlüyünü, tarixi ədaləti və milli ləyaqəti bərpa etmək uğrunda haqq mübarizəsini şərəflə aparan Azərbaycan xalqı iradəsini ortaya qoymuş, gücünü göstərmiş və məqsədinə nail olmuşdur”.
Onun sözlərinə görə, xalqın inam və dəstəyindən güc alan Prezident İlham Əliyevin sosial-iqtisadi tərəqqiyə, ölkəmizin hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə yönəlmiş məqsədyönlü və uzaqgörən siyasəti Azərbaycanın haqq işinin Zəfərlə yekunlaşmasını təmin etmişdir: “O, uzun müddət işğal altında olan torpaqlarımızın azad edilməsinə nail olmaqla ata vəsiyyətini, Vətənə sədaqət andını və xalqa vədini şərəflə yerinə yetirmişdir. Cənab İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu gerçəkləşdirməklə Azərbaycanı Heydər Əliyevin görmək istədiyi kimi qalib, qüdrətli və əzəmətli dövlətə çevirmişdir”.
YAP Mərkəzi Aparatının rəhbəri söyləyib ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası, heç şübhəsiz, ən böyük Qələbəmiz kimi tarixə əbədi həkk olunmuşdur: “Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın bütün cəbhələrdə - hərb meydanında, informasiya platformasında və diplomatiya müstəvisində üstünlüyünü təmin edərək böyük nailiyyətlərə müvəffəq olması nəticəsində hazırda dövlətçilik tariximizin ən möhtəşəm dövrünü yaşayırıq. 44 günlük Vətən müharibəsində və birgünlük aniterror tədbirlərində qazandığımız şanlı zəfərlər böyük tarixi və mənəvi-siyasi əhəmiyyətə malikdir. Əvvəla, Azərbaycan öz milli gücü ilə işğal faktına və separatizmə son qoymuş, çoxsaylı təzyiqlərə məruz qalmasına rəğmən, BMT-nin uzun müddət kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etməklə dünya miqyasında yeni nümunə - mühüm siyasi presedent yaratmışdır. Digər tərəfdən, Azərbaycan tarixi Zəfər qazanmaqla beynəlxalq hüquqa məhəl qoymayan, “münaqişənin hərbi yolla həlli yoxdur” deyərək işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılmasında maraqlı olmadığını nümayiş etdirən, bir çox hallarda isə təcavüzkar dövlətə dəstək göstərən qüvvələrin ikili standartlara əsaslanan qərəzli siyasətini iflasa uğratmışdır. Azərbaycanın Qələbəsi regionda ədalətli geosiyasi nizamın təşəkkülü, yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşması, sülh və etimad quruculuğunun həyata keçirilməsi baxımından böyük önəmə malikdir. Hər zaman sülh, sabitlik, rifah və firavanlıq tərəfdarı kimi çıxış edən, regionun çoxtərəfli işbirliyi məkanına çevrilməsində maraqlı olan Azərbaycan bu gün də öz mövqeyinə və prinsiplərinə sadiqliyini əyani şəkildə nümayiş etdirir. Azərbaycanın siyasəti konstruktiv xarakter daşıyır, regionun konfrontasiya deyil, dialoq, əməkdaşlıq və inteqrasiya məkanına çevrilməsinə hədəflənmişdir. Yeni reallıqlar fonunda bölgədə dayanıqlı sülhə nail olunması, kommunikasiyaların bərpası, qarşılıqlı faydalı əməkdaşlıq platformalarının reallaşdırılması Azərbaycan başda olmaqla çoxşaxəli işbirliyində maraqlı olan dövlətlər üçün önəmli imkanlar – mühüm siyasi-iqtisadi üstünlüklər vəd edir. Bir sözlə, Cənubi Qafqaz regionunun lider ölkəsi kimi müasir beynəlxalq münasibətlər sistemində prinsiplərinə sadiq etibarlı və konstruktiv tərəfdaş kimi tanınan Azərbaycan dövləti yeni reallıqlar yaradaraq geostrateji mövqelərini olduqca möhkəmləndirmişdir”.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra yeni mərhələdə olduqca vacib siyasi, sosial-iqtisadi və mədəni-humanitar çağırışların meydana çıxdığını deyən YAP Sədrinin müavini diqqətə çatdırıb ki, bunlardan biri də Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri olan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. “Bu məqsədlə müvafiq Dövlət Proqramı qəbul edilmiş və hazırda müvəffəqiyyətlə icra olunmaqdadır. Böyük Qayıdış Proqramı çərçivəsində ərazilərin minalardan təmizlənməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, iqtisadi fəaliyyətin bərpası və digər istiqamətlərdə atılan addımlar dayanıqlı məskunlaşmanın, o cümlədən müasir standartlara uyğun yüksək keyfiyyətli həyat şəraitinin təmin olunmasına əlverişli zəmin yaratmaqla bərabər, sosialyönümlü iqtisadiyyatın inkişafı baxımından da əhəmiyyətlidir. Qarabağ və Şərqi Zəngəzurun potensialından istifadə olunması nəinki həmin bölgələrin yüksəlişi, bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı üçün mühüm perspektivlər yaradır. Nəhayət, dövrümüzün aktual çağırışlarından biri kimi işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” konsepsiyası əsasında ekoloji təmiz texnologiyaların tətbiqi “yaşıl iqtisadiyyata” keçid, o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı fəal mübarizə çərçivəsində “yaşıl dünya” naminə təşəbbüslərin reallaşdırılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi üçün son dərəcə əhəmiyyətlidir. Böyük Qayıdış 30 il ərzində Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən Azərbaycan xalqının ən böyük arzularından idi. Bu gün iftixarla qeyd edirik ki, Heydər Əliyev yolunun Müzəffər davamçısı İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər nəticəsində soydaşlarımızın arzuları gerçəkliyə çevrilir - Böyük Qayıdış prosesi uğurla reallaşdırılır. Bu proses tarixi ədalətin bərpasının təzahürü olmaqla bərabər, müasir beynəlxalq münasibətlər sisteminin layiqli və məsuliyyətli üzvü olan Azərbaycanın dünyada imicinin möhkəmlənməsinə xidmət edir və xalqımızın təntənəli Zəfər yürüşünün davam etdiyini göstərir. Dövlət başçısının qeyd etdiyi kimi: “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”, - deyə Tahir Budaqov əlavə edib.
YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Azərbaycan dövləti və cəmiyyəti hər zaman mübariz Vətən övladlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, onların əziz xatirəsini uca tutur: “Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiramımız sonsuzdur”.
“Şübhə yoxdur ki, şəhidlərimizin ruhunun şad olduğu indiki məqamda dövlətimizin qüdrəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, xalqımızın sarsılmaz birliyi Azərbaycanı yeni möhtəşəm nailiyyətlərə aparacaq, həm müstəqilliyimizin, həm də tarixi Zəfərimizin mənəvi-siyasi rəmzi olan, şəhidlərin ölməzliyini, Vətənin bölünməzliyini əks etdirən, işğaldan azad edilmiş ərazilərimizdə qürurla ucaldılan üçrəngli bayrağımız daim zirvələrdə dalğalanacaqdır.
Hər birinizi xalqımızın iftixar mənbəyi və dövlətimizin sarsılmaz qüdrətinin ifadəsi olan 8 Noyabr - Zəfər Günü, həmçinin qarşıdan gələn 9 Noyabr - Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edir, möhkəm cansağlığı və dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycanın daha parlaq gələcəyi naminə şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram”,- deyə Tahir Budaqov vurğulayıb.
Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, Vətən müharibəsində qazanılan Qələbə tariximizə qızıl hərflərlə yazılıb. Onun sözlərinə görə, Azərbaycanın müasir tarixinin ən mühüm iki hadisəsi dövlət müstəqilliyimizin bərpa olunması və 30 il Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsidir: “Dörd il əvvəl əzəmətli, qüdrətli ordumuzun qazandığı tarixi Zəfərlə ölkəmizin ərazi bütövlüyü bərqərar olundu. Bu tarixi Zəfərin əhəmiyyəti həm də ondan ibarətdir ki, Azərbaycan torpaqlarını işğaldan azad etməklə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı, beynəlxalq müstəvidə özünün mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi”.
Əli Əhmədov söyləyib ki, 44 günlük müharibədə əldə edilən möhtəşəm Qələbə bölgədə yeni mənzərə yaradır: “Bu, bir tərəfdən təhlükəsizlik amilidir, digər tərəfdən isə yeni iqtisadi əməkdaşlıq imkanları yaradır. Bu Qələbə təkcə Azərbaycan üçün deyil, bölgədə yaşayan bütün xalqlar üçün bir nemətdir. Çünki regionda sülh və təhlükəsizlik tam təmin edildikdən sonra bir çox yeniliklərin şahidi olacağıq. Artıq Azərbaycanla Ermənistan arasında sülh gündəliyi formalaşıb, sülh sazişi ilə bağlı danışıqlar davam edir. Bu amil həm də bölgə xalqları arasında yaxın əlaqələrin qurulmasında yeni səhifə açacaq. Sülh və təhlükəsizlik bütövlükdə regionumuz üçün rifah, əmin-amanlıq vəd edir”.
Əli Əhmədov deyib ki, Azərbaycan həm də dünyaya sülh nümunəsi təqdim etdi: “Çünki bu Zəfərlə uzun müddət davam edən münaqişəyə son qoyuldu. Eyni zamanda, Azərbaycan bu Zəfərlə haqsızlıq və ədalətsizliklə mübarizə aparmaq, bu mübarizədə qalib gəlmək nümunəsini təqdim etdi. Ona görə də Azərbaycanın bu haqq mübarizəsi dünyada hələ də davam edən münaqişələrdə sülhə nail olmaq üçün bir nümunə ola bilər”.
YAP Sədrinin müavini qeyd edib ki, möhtəşəm Qələbəni təmin edən əsas amillərdən biri ölkə iqtisadiyyatının güclü olmasıdır. Onun fikrincə, bu Qələbənin tarixdə mühüm yeri təkcə 30 il sonra torpaqların işğaldan azad edilməsi deyil, həm də milli qürurumuzun qaytarılması, milli ruhun yüksək olmasıdır: “İndi hər bir vətəndaşımız azərbaycanlı olmağın qürurunu yaşayır. Bu tarixi Qələbəni müəyyənləşdirən bir cəhət də onun döyüş meydanında əldə olunmasıdır. Biz müharibə dövründə gənclərimizin milli ruhunun nə dərəcədə yüksək olduğunu gördük. Bu amil milli ruhumuzun təntənəsi hesab oluna bilər. Heç şübhəsiz, Azərbaycan bu Qələbəni əldə etməklə öz tarixinin şərəf və ləyaqət səhifəsini yazıb”.
Əli Əhmədov bildirib ki, Qələbəni mümkün edən digər amillərdən biri Azərbaycan xalqının dəyanətidir: “30 il ərzində xalqımız işğal faktı ilə razılaşmadı, güc topladı və öz torpaqlarını azad etdi. Hər bir dövlətin əsas missiyalarından biri öz xalqının təhlükəsizliyini təmin etməkdir. Azərbaycan dövləti də məhz bunu etdi. Digər tərəfdən, Qələbənin təmin olunmasında mühüm rol oynayan amillərdən biri əzəmətli Azərbaycan Ordusu, qəhrəman hərbçilərimizdir. Güclü ordumuz olmasaydı, öz torpaqlarımızı azad edə bilməzdik. Dövlətimizin qüdrəti, ordumuzun döyüş qabiliyyəti sayəsində torpaqlarımız azad olundu. Qələbəmizin həlledici amili isə Prezident, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün Azərbaycan xalqının böyük coşqu ilə qeyd etdiyi Qələbəmizin baş qəhrəmanı Prezident, Ali Baş Komandan İlham Əliyevdir. Biz hərb və diplomatiya cəbhəsində cənab İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük. Xalq-iqtidar birliyi, dövlətimizin başçısına inam möhtəşəm Qələbə ilə nəticələndi. Məhz bunun nəticəsidir ki, 30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad etdik”.
YAP Sədrinin müavini diqqətə çatdırıb ki, bu Qələbə bütün bölgədə sülh və firavanlığın təmin olunması üçün etibarlı zəmin yaradır: “Qürurvericidir ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı öz tarixinin ən şərəfli anlarını yaşayır. Tarix öz şərəf səhifəsinə cənab İlham Əliyevin adını əbədi həkk edib. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev vaxtilə bildirmişdi ki, mənim başa çatdıra bilmədiyim işləri İlham Əliyev sona çatdıracaq. Müdrikcəsinə deyilmiş bu fikir reallığa çevrildi. Bu şanlı Qələbədən sonra Azərbaycan tarixinin yeni mərhələsi başlayıb, xalqımız dünyada öz dəyanəti, əyilməzliyi və ordusunun gücü ilə tanınır”.
Əli Əhmədov işğaldan azad edilmiş ərazilərdə möhtəşəm quruculuq işlərindən də bəhs edərək keçmiş məcburi köçkünlərin Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıtmağa başladıqlarını vurğulayıb. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması yeni mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır: “Söhbət bütünlüklə dağıdılmış ərazilərin minalardan təmizlənməsindən, şəhər və kəndlərin bərpasından, zəruri infrastruktur qurulmasından gedir. Döyüş meydanında düşməni diz çökdürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və quruculuq işlərini də qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Ötən dövrdə reallaşdırılan layihələr onu deməyə əsas verir ki, respublikamız işğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin ölkənin digər bölgələrinə reinteqrasiyasına qısa müddətdə nail olunmasına güclü siyasi iradə nümayiş etdirir”.
Xüsusi Təyinatlı Qüvvələrin giziri, “Qarabağ” ordenli şəhid Şahmar Mənəfovun həyat yoldaşı Bəyim Mənəfova çıxışında bildirib ki, Azərbaycan xalqı artıq 2020-ci ildən hər ilin noyabr ayını böyük sevinc və fərəh hissi ilə qarşılayır: “Çünki Ali Baş Komandanımızın rəhbərliyi, Azərbaycanın igid oğullarının misilsiz şücaəti sayəsində Qarabağ əzəli sahiblərinə geri qaytarıldı. 2020-ci ilin 27 sentyabrı bizi böyük Qələbəyə aparan yolun başlanğıcıdır. Məhz həmin gündən başlayaraq “Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxdıq. Bütün dünyaya, beynəlxalq aləmə qüdrətli, əzəmətli Azərbaycan dövlətinin mövcudluğunu bir daha nümayiş etdirdik. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əzmi, iradəsi, qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində bütün dünya qarşısında başqa bir Azərbaycanı gördü. Cəmi 44 gün davam edən haqq savaşımızda, Vətən müharibəsində şanlı Ordumuz elə bir Zəfər dastanı yazdı ki, bu tarixi qələbəmiz dostu sevindirdi, düşmənlərimizə isə göz dağı oldu”.
Bəyim Mənəfova deyib ki, xüsusi təyinatlı qüvvələrin giziri olan həyat yoldaşı Şahmar Mənəfov 2020-ci il oktyabr ayının 21-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib: “Mənim təsəllim onun xəyallarındakı bütöv Azərbaycanda yaşamağımdır. Bu müddət ərzində qalib ölkənin qalib Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hər zaman hiss etmişəm. Mən burada təkcə şəhid ailəsinin üzvü kimi yox, həm də azad Azərbaycanın gənc nəslinin yetişməsində rolu olan bir müəllim kimi iştirak edirəm. Mən çox şadam və qürurluyam ki, bizim gənclərimiz artıq ali təhsil müəssisələri sırasında Qarabağ Universitetini də seçim şansı kimi görə bilirlər”.
O, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasına nail olan, xalqımızın əmin-əmanlıq şəraitində yaşamasını təmin edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.
Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov çıxışında bildirib ki, Vətən müharibəsi Azərbaycan xalqının varlığını, kimliyini qorumaq uğrunda aparılan haqq mübarizəsi idi: “Hər bir azərbaycanlının qəlbində yanıb tutuşan vətən sevgisi, dövlətə bağlılığı və milli kimliyimiz bizi bu zəfərə çatdırdı. Bu müqəddəs yolun hər addımı xalqımızın birliyini, ordumuzun qətiyyətini və dövlətimizin əzəmətini sübut etdi”.
Onun sözlərinə görə, Qarabağın azad olunması ilə nəticələnən Vətən müharibəsi, başda Şuşa Zəfəri olmaqla qazandığımız qələbələr Azərbaycan xüsusi təyinatlılarının və Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlıq salnaməsidir: “Bu zəfərdə iştirak edən hər bir döyüşçü, öz həyatını Vətən yolunda fəda edən şəhidlərimiz və qəhrəman qazilərimiz tarix yazdılar. Cəbrayıl, Hadrut, Füzuli, Xocavənd və Şuşa döyüşlərində keçdiyimiz yollar bizə dəyərli bir dərs verdi - Vətən sevgisi hər şeydən üstün gələndə heç bir qüvvə bizi yolumuzdan döndərə bilməz. Ordumuzun hər bir əsgərinin, hər bir zabitinin qəhrəmanlığı bu Zəfərdə xüsusi yer tutdu. Şuşanın azad olunmasında ön sıralarda döyüşmək mənim üçün ən böyük qürur idi, bu müqəddəs torpaqlarda dalğalanan bayrağımızla mən bir daha anladım ki, bu xalq əyilməzdir, məğlubedilməzdir. Şuşa bizim mədəniyyətimizdir. Mən bu gün çox xoşbəxtəm və böyük qürur hissi keçirirəm ki, bu mədəniyyətin dirçəlməsində - Şuşanın azad olunmasında mənim də əməyim olub”.
Vətən Müharibəsi Qəhrəmanı deyib ki, Şuşa Azərbaycan üçün milli qürurdur, mədəniyyətdir, tarixdir: “Azərbaycan əsgərinin Şuşaya bayraq sancması və bu xəbərin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun da, mədəniyyətimizin də, tariximizin də azad edilməsini sübut etdi. Azərbaycan xalqı isə Şuşa Qələbəsi ilə öz şanlı tarixinə yenidən qayıtdı və ərazi bötövlüyümüzün bərpa olunması bu Qələbənin sayəsində daha da sürətləndi. Şuşa döyüşləri bütün döyüş əməliyyatları dövründə ən spesifik, ən emosional döyüşlərdən biri oldu. Çünki bu döyüşlərdə Azərbaycan əsgəri hər vasitə ilə qarşıya qoyulmuş hədəfə doğru addımlayırdı. Hətta silahı olmayan süngüsü ilə, süngüsü olmayan isə əlləri ilə düşmənin üzərinə atıldı. Bu elə döyüş idi ki, həmin döyüşlərdə iştirak edənlər həmin anların emosional yükünü, yəqin ki, ömürlərinin axırlarına qədər özləri ilə daşıyacaqlar”.
“Biz 44 günlük Vətən müharibəsində milli iradə ilə, milli ruhla, Vətən sevgisi ilə döyüş meydanında qan tökərək, şəhid verərək, düşməni diz çökməyə məcbur edərək qələbə qazandıq. Qarabağın azadlığı Azərbaycan əsgərinin gücünün, xalqımızın birliyinin, Müzəffər Ali Baş Komandanın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Bu gün biz burada təkcə Qələbəmizi qeyd etmirik, həm də şəhidlərimizin əziz xatirəsini yad edirik. Şəhidlər xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifələrini yazanlardır. Onların hər biri bizim üçün bir qəhrəmanlıq dastanıdır”,- deyən Zaur Hüseynov bildirib ki, bugünkü Azərbaycan güclü, müstəqil və öz haqqını müdafiə etməyi bacaran bir dövlətdir. Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın dövlət başçısına dəstəyi bu Zəfəri daha da möhkəmləndirir.
Çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, 8 Noyabr təkcə hərbi gücümüzün qələbəsinin deyil, həm də xalqımızın birliyi, dözümü və vətənpərvərliyinin güclü bir rəmzidir: “Çünki həqiqi qələbə yalnız döyüşlərin nəticəsi ilə ölçülmür, millətin əzmi, vətənini qorumaq üçün sarsılmaz iradəsi və yenidən qurmaq, yenilik etmək və irəliləmək gücü ilə qeyd olunur. Dörd il öncə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir çağırış ilə birləşən Azərbaycan xalqı 30 illik ədalətsizliyə, dünyanın göz yumduğu məsələyə - Ermənistanın işğalçı siyasətinə son qoydu. Rəşadətli Azərbaycan Ordusunun qələbəsi həm də daşıdığımız mənsubiyyətin – milli kimliyimizin, vətənpərvərlik və dövlətçilik dəyərlərimizin real təzahürü idi”.
B.İslamov qeyd edib ki, Vətən müharibəsində qazandığımız tarixi Qələbə yeni dövrün də əsasını qoydu: “Təsadüfi deyil ki, 2020-ci ilədək Azərbaycan gəncliyinin ən ali vəzifəsi işğal altındakı tarixi torpaqlarımızın azad olunması və bu yolda xidmət etməyi özünə borc bilməsi idi. Məhz tarixi Zəfərimiz gənclərimizin daşıdığı bu ali vəzifəyə də böyük bir yenilik gətirdi. Yeni dövrün reallıqları Azərbaycan gəncliyinin üzərinə yeni bir vəzifə qoyur. Prezident İlham Əliyevin Vətən müharibəsindən sonrakı dövrdə çıxışlarına nəzər saldıqda bu vəzifəni daha aydın başa düşürük. Qazanılmış Zəfərin qorunması, daha savadlı, dünyagörüşlü, vətənpərvər yeni nəslin formalaşması, Qələbəmizi və bizə bu Qələbəni yaşadanları ən əsas miras olaraq gələcək nəsillərə ötürmək - məhz bunlar Azərbaycan gəncliyinin yeni dövrün reallıqları fonunda yeni vəzifələridir”.
YAP Gənclər Birliyinin sədri deyib ki, dörd il öncə qazanılmış tarixi Zəfər sadəcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, həm də bütün dünyaya sahib olduğumuz əsl gücü nümayiş etdirdi: “Ölkəmiz beynəlxalq münasibətlərdə yalnız təmsil olunmur, həm də bütün dünyanın diqqət mərkəzində olan bir çox mövzularda qərarverici rol oynayır. Təsadüfi deyil ki, bir neçə gün sonra Azərbaycan dünyanın ən mötəbər tədbirlərindən birinə - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək. Minlərlə iştirakçının və bütün dünyadan bir çox liderin qatılacağı bu konfransla ölkəmiz beynəlxalq gündəliyin formalaşmasında vacib rol oynayacaq. Bu isə tarixi Qələbəmizlə birgə formalaşan yeni reallıqlara ən bariz nümunələrdəndir”.
“Bu gün Qarabağ yenidən qurulur, dirçəlir. İşğaldan azad olunmuş torpaqlarımıza əsl sahibləri qayıdır. Tarixi Zəfərimizdən dərhal sonra başlanan bu proseslə Azərbaycan sahib olduğu gücün sadəcə ordu gücü yox, həm də mədəni-intellektual güc olduğunu sərgiləyir. Qarabağın hər şəhər, kənd və məhəlləsini yollar və körpülər deyil, Müzəffər Ali Baş Komandanın sahib olduğu bilik və müdriklik qurur. Bu isə gələcək qələbələrin ən böyük müjdəsidir”,- deyə B.İslamov vurğulayıb.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonra 8 Noyabr - Zəfər Gününə həsr edilmiş konsert proqramı təqdim olunub.