1xeber.media xəbər verir ki, ABŞ-ın “Lockheed Martin” şirkətinin istehsal etdiyi beşinci nəsil F-35 qırıcıları İsrailin “Rafael Advanced Defense Systems” şirkətinə məxsus SPICE 1000 aviabombaları ilə təchiz ediləcək.
Şirkətin məlumatına görə, bombanın F-35 ilə inteqrasiyası və sınaqları yaxın bir neçə ay ərzində tamamlanmalıdır. Bundan sonra SPICE 1000-in İsrailin F-35 qırıcılarında əməliyyat istifadəsinə icazə veriləcəyi gözlənilir.
SPICE 1000 sistemi 450 kiloqramlıq ümumi təyinatlı və bunkerlərə qarşı istifadə olunan bombaları yüksək dəqiqlikli silahlara çevirir. Bombanın gövdəsindəki açılan qanadlar onun təxminən 121 kilometr məsafədən hədəfə yönəldilməsinə imkan verir.
SPICE 1000 bombalarından uzun müddətdir İsrailin F-15 və F-16 qırıcılarında istifadə olunur. Bildirilir ki, bu sursatlar ABŞ-la birgə İrana qarşı keçirilən son hərbi əməliyyatlarda da tətbiq edilib.

















