Xuraman Muradova haqqında bir neçə söz yazmaq istəyirəm,amma bir də baxıram ki,o sözlər birləşib yazıya çevrilir.
Yazıya hardan istəsən başlamaq olur və heç bir çətinlik çəkmədən saatlarla onun haqqında yazmaq, danışmaq olar. Bunun səbəbi əsla ona olan dostluq münasibətim deyil.
Bəslədiyim münasibətin səciyyələri onun mənalı, maraqlı, faydalı və hər dəfə özünəməxsus davranışında, insanlarla münasibətində, səmimiyətindədir.
Xanım haqqında düşünərkən, gözümün qabağına bitməyən, təsirli film gəlir, baş qəhrəman da Xuraman Muradova olur. Milli ruha söykənən, milli düşüncəyə xidmət edən, isməti aşılayan, vəfalı insan, etibarlı dost, ana, bacı, nənə...
Gözlərim önündə, bütün uğurlardan və nailiyyətlərdən bir addım irəlidə işıqlı təbəssüm dolu məsum ifadəsi.. Çətin həyatını, keçib gəldiyi ağrı-acılarını, insan sevgilərini və itkilərini hansısa möcüzəylə özünə sıxıb saxlayan təbəssümü barədə düşünürəm - illərin həyat həqiqətlərindən daha zərif və incə mətləbləri həkk etdiyini, həyat və insan sevgisinin bitib qurtardığı soyuq astanalardan geriyə qaytardığını, bu dünyanın amansız, qanunları barədə illər uzunu anlada-anlada, nələrdənsə qoruduğunu anlayıram...
Bu izaholunmaz sevgi işığının, arxasında keçən çətin ömür yollarından, insan ruhunu yorub korşaldan ictimai hadisələr axarından, sənət və elm girdabının yaşam əzablarından hansı möcüzəylə qorunub bu günə çatdığı barədə düşünürəm. Və böyük insan sevgisindən, tale iztirablarının, ağrı-acıların dinməz məmnunluqla qəbulundan, əqidə və dost cəfakeşliyinin, dözümün qədərindən bəhs edən bu təbəssümün əbədi olduğunu anlayıram.
Qəribədi ki, çətin məqamlarda bizləri rəhm və gözəllikləri ilə dərin-dərin uçurumlardan qoruyan, yaşadıqları cəmiyyətlərdə şəfqətli mühitlər yaradan hadisələr barədə düşünmürük. Bu yerdə yadıma müqəddəs Məhəmməd peyğəmbərin belə bir kəlamı düşür:
“Bu dünya və onda olanlar qiymətli xəzinədir. Bu xəzinənin ən qiymətli cəvahiri – əməli saleh qadındır” Eynən Xuraman xanım kimi...
Gülşən Behbud
Şair-jurnalist