Aprelin 6-da Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və BB vəzifə altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanları keçirəcək.
DİM-dən bildirilib ki, imtahan vermək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
BB vəzifə altqrupu üzrə test imtahanı aprelin 6-sı saat 11:00-da və 16:00-da kompüter vasitəsilə keçiriləcək. Test imtahanında iştirak etmək üçün qeydiyyat martın 17-si saat 11:00-dək aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək və namizədlər üçün 1640 yer ayrılıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA və BB qrupları üzrə 6 aprel saat 16:00-da kompüter vasitəsilə keçiriləcək. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək və namizədlər üçün 190 yer ayrılıb.
Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı mərkəzin internet portalında martın 17-si saat 11:00-dək həyata keçiriləcək.