Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib ki, yaxın gələcəkdə imtahanlar rəqəmsal formada keçiriləcək.
“Biz yeni qiymətləndirilmə sisteminə keçməliyik”- deyə, o bildirib.
Onsuz da həmin formada keçirilən imtahanlar var. Məsələn, SAT, Dövlət qulluğu və s. belə imtahanlar rəqəmsal şəkildə keçirilir. Gümanki bu qayda buraxılış, qəbul imtahanlarına aid ediləcək.
Sözügedən imtahanların əhatə dairəsinin böyük olduğunu nəzərə alsaq, bu nə qədər uğurlu addım olar?
Globalinfo.az-a danışan təhsil məsələləri üzrə ekspert Sona Əliyeva deyib ki, buraxılış və qəbul imtahanlarının rəqəmsəl qaydada keçirilməsi Azərbaycan təhsilində şəffaflaşdırmaq prosesinə böyük töhfə verə bilər:
“Əsas odur ki, onun keçirilmə qaydaları, konsepsiyaları mükəmməl və ya ona yaxın olsun. Rəqəmsal imtahanlarla bağlı aparıcı ölkələrin təcrübələri öyrənilməlidir. Eyni zamanda, yerli resurslara uyğunlaşdırılmalıdır. İstənilən innovativ yenilik mövcud baza və resurslarla uyğunluq təşkil etmədikdə nəticələr bir o qədər effektiv olmur. Hətta bəzi hallarda inkişaf prosesinə ciddi zərbələr də vura bilir. İstənilən halda yeniliyə və inkişafa cəhdin özü də müsbət qiymətləndirilməlidir. Ən əsası rəqəmsal imtahan dili sadələşdirilmiş, asan və əlçatan, operativ olmalıdır. Çoxşaxəli rəqəmsal prosedurlardan qaçmalıyıq. Rəqəmsal imtahanların fin modeli tətbiq edilsə, düşünürəm ki, bizim təhsilimizdə, imtahan prosesində böyük irəliləyişlərə nail ola bilərik. Polşa, ABŞ və Yaponiya modelləri bizim təhsil sistemimizə bir qədər yaddır. Daha dəqiq desək, bizim o cür çoxşaxəli proseslərin idarəsi üçün yetərli sayda mütəxəssisimiz yoxdur və ya olduqca azdır.
Mobil telefonların və ağıllı cihazların qadağan edilməsini alqışlayıram. Çünki qadağan olunmuş sektor 18 yaşdan aşağı şəxslərdir. Bu, onların təlim və tərbiyə prosesinə müsbət təsir göstərəcək. Məsələnin digər tərəfi ondan ibarətdir ki, tədris ocaqlarında məhdud internet xətti tətbiq etməklə telefon və ağıllı cihazlardan təhsildə inkişaf məqsədi ilə istifadə etmək mümkündür. Amma bunun üçün külli miqdarda vəsait lazımdır ki, biz Şərqi Avropadakı orta ümumtəhsil məktəblərinə çata bilək. Polşada, Macarıstanda tədris ocaqlarında ancaq bəlli saytlara, axtarış sistemlərinə daxil ola biləcək internet xətləri mövcuddur. Şagirdlər öz telefonları ilə həmin internet xəttinə qoşularaq lazımı bilikləri yerində və anında götürə bilirlər. Amma indi bizdə belə bir sistem yoxdur və onun formalaşdırılması, bütün ölkəni əhatə etməsi üçün azı bir neçə il zaman lazımdır. Bəlkə də indi bu prosesə başlanılsa, yaxın gələcəkdə təhsildə irəliləyişə nail olmaq mümkündür. Universitetlərdə ağıllı cihazların, telefonların qadağan olunmasına qarşıyam. Birincisi, tələbələrin əksəriyyəti 18 yaşdan yuxarıdır. Onlar yetkin vətəndaşdırlar, özləri haqqında qərarları özləri vermək yaşındadırlar. Üç-beş ambisiyasız tələbəyə görə, axtaran, araşdırmalara meylli şagirdlərin önünü kəsmək olmaz”.
Azərbaycan Dövlət Pedaqoji Universitetin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovun sözlərinə görə, Azərbaycanda Dövlət İmtahan Mərkəzinin rəqəmsal imtahanlara keçidlə bağlı atdığı addımlar təhsil sahəsində diqqətəlayiq yeniliklərdən biridir:
“Məleykə Abbaszadənin açıqlamalarından görünür ki, bu prosesə hazırlıq məqsədilə Təhsil Nazirliyi ilə müzakirələr aparılıb və yaxın gələcəkdə bəzi imtahanların rəqəmsal formatda keçirilməsi üçün ilkin tədbirlər görüləcək. Bu addım yalnız texnoloji yenilik deyil, həm də ölkənin təhsil siyasətində köklü dəyişikliklərə yol aça biləcək strateji bir dönüş kimi qiymətləndirilməlidir. Prosesin hansı istiqamətlərdə inkişaf edəcəyi və test üsulunun tamamilə ləğv edilə biləcəyi ilə bağlı müzakirələr isə aktual qalır.
Azərbaycanın təhsil qanunvericiliyinə nəzər saldıqda, əsas məqsədin bilik və bacarıqların şəffaf və ədalətli qiymətləndirilməsini təmin etmək olduğu görünür. “Təhsil haqqında” Qanuna əsasən, təhsil sistemi və onun qiymətləndirmə mexanizmləri hər bir şagirdin potensialını tam şəkildə ortaya çıxarmaq üçün təşkil edilməlidir. Test üsulu bu prinsiplərə cavab verdiyi üçün 1990-cı illərdən bəri əsas qiymətləndirmə forması kimi tətbiq olunur. Lakin rəqəmsal imtahanlara keçid həm qiymətləndirmə prosesində, həm də ümumi təhsil sistemində yeni standartlar yarada bilər. Belə bir keçid zamanı, bir tərəfdən, test üsulunun üstünlükləri qorunmalı, digər tərəfdən isə beynəlxalq təcrübədə təsdiqlənmiş metodlarla zənginləşdirilmiş yeni yanaşmalar tətbiq edilməlidir.
Dünyada rəqəmsal imtahanlara keçid artıq geniş tətbiq olunur və müxtəlif ölkələrdə bu sahədə fərqli təcrübələr mövcuddur. Məsələn, Estoniya rəqəmsallaşmanın təhsildə uğurla tətbiq edildiyi nümunələrdən biridir. Bu ölkədə məktəblərdən tutmuş ali təhsil müəssisələrinə qədər qiymətləndirmə tamamilə rəqəmsal sistemlər vasitəsilə həyata keçirilir. Bu yanaşma qiymətləndirmənin sürətini artırmaqla yanaşı, insan amilinin təsirini minimuma endirməyə imkan verir. Digər tərəfdən, Finlandiya rəqəmsal imtahanları yalnız texnologiya ilə məhdudlaşdırmır, onları şagirdlərin yaradıcı və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək üçün bir vasitə kimi istifadə edir. Bu ölkədə rəqəmsal imtahanlar vasitəsilə yalnız bilik yoxlanılmır, həm də şagirdlərin öyrəndiklərini necə tətbiq etdikləri qiymətləndirilir.
Azərbaycan üçün bu təcrübələrdən öyrənmək və tətbiqetmə modeli hazırlamaq vacibdir. Lakin bu prosesdə bir sıra problemlər və çağırışlar ortaya çıxır. İlk növbədə, rəqəmsal imtahanların tətbiqi üçün texnoloji infrastrukturun hazırlanması əsas şərtdir. İmtahan mərkəzlərinin müasir kompüter avadanlıqları və yüksək sürətli internetlə təmin edilməsi, həmçinin texniki nasazlıqların qarşısını almaq üçün ehtiyat mexanizmlərinin yaradılması tələb olunur. 2023-cü ildə Azərbaycanda internetin əlçatanlığı ilə bağlı aparılan statistik araşdırmalar göstərdi ki, ölkə ərazisində yüksək sürətli internetə çıxış hələ də tam təmin olunmayıb. Bu, rəqəmsal imtahanların kütləvi şəkildə tətbiqini çətinləşdirə bilər.
İkinci mühüm məsələ şagirdlərin və müəllimlərin rəqəmsal texnologiyalarla işləmək bacarıqlarının artırılmasıdır. Rəqəmsal imtahanlar yalnız yeni bir platforma deyil, həm də yeni bacarıqlar tələb edir. Bu səbəbdən, şagirdlərə və müəllimlərə xüsusi təlimlər keçirilməli, onların yeni formatlara adaptasiyası təmin edilməlidir. Dünya təcrübəsi göstərir ki, rəqəmsal imtahanların uğurlu tətbiqi üçün ilkin mərhələdə genişmiqyaslı maarifləndirmə və təlim proqramları həyata keçirilməlidir. Məsələn, ABŞ-da rəqəmsal SAT imtahanlarına keçid zamanı iştirakçılar üçün xüsusi platformalar yaradılmış, sınaq imtahanları təşkil edilmiş və hər bir iştirakçı rəqəmsal sistemin iş prinsipləri ilə tanış edilmişdir.
Digər tərəfdən, rəqəmsal imtahanlara keçidin qiymətləndirmə prosesinə təsirini də nəzərə almaq lazımdır. Məleykə Abbaszadənin qeyd etdiyi kimi, “çiy qiymət”lərdən uzaqlaşaraq yeni qiymətləndirmə metodlarına keçid rəqəmsal imtahanların əsas məqsədlərindən biridir. Bu o deməkdir ki, rəqəmsal platformalar vasitəsilə iştirakçıların yalnız düzgün cavabları yox, həm də onların düşünmə və məntiqi təhlil bacarıqları qiymətləndiriləcək. Bu yanaşma təhsil sistemində keyfiyyətin artmasına səbəb ola bilər, lakin bu, eyni zamanda test üsulunun tamamilə ləğv ediləcəyi anlamına gəlmir. Test sistemi hələ də biliklərin obyektiv qiymətləndirilməsi üçün mühüm vasitə olaraq qalır. Rəqəmsal imtahanlar test sistemini tamamilə əvəz etməkdən daha çox, onun müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədinə xidmət edə bilər.
Rəqəmsal imtahanların tətbiqi ilə bağlı digər bir vacib məqam onların sosial ədaləti təmin etmək imkanlarıdır. Hazırda test imtahanları şəffaf qiymətləndirmə vasitəsi kimi qəbul edilir və bu sistem insan amilinin təsirini minimuma endirmək baxımından əhəmiyyətlidir. Rəqəmsal imtahanlar isə bu şəffaflığı daha da artırmaq potensialına malikdir. Lakin texnoloji resurslara çıxış bərabərsizliyi, xüsusən regionlarda yaşayan şagirdlər üçün əlavə problemlər yarada bilər. Buna görə də, imtahanların tətbiqi zamanı bu cür problemləri həll etmək üçün xüsusi mexanizmlər hazırlanmalıdır.
Bütün bu faktları nəzərə alaraq, rəqəmsal imtahanlara keçid Azərbaycan təhsil sistemində irəliyə doğru böyük bir addım ola bilər. Lakin bu proses mərhələli şəkildə həyata keçirilməli, texnoloji infrastruktur, insan resursları və qiymətləndirmə mexanizmləri müasir standartlara uyğun şəkildə yenilənməlidir. Həmçinin, beynəlxalq təcrübələrdən öyrənərək, Azərbaycanın təhsil sisteminə uyğunlaşdırılmış unikal bir model hazırlanmalıdır. Bu yanaşma yalnız bilik və bacarıqların obyektiv qiymətləndirilməsini təmin etməyəcək, həm də ölkənin təhsil sisteminin rəqabətqabiliyyətliliyini artıracaq. Rəqəmsal imtahanlara keçid texnologiyanın təhsildə istifadəsinin effektivliyini və cəmiyyətin inkişafını stimullaşdıracaq strateji addım ola bilər”.
Təhsil eksperti Elmin Nuri isə məsələyə belə münasibət bildirib:
“Dövlət İmtahan Mərkəzi yanvarın 15-də Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzi (RCEC) tərəfindən sertifikata layiq görüldü. İmtahanların rəqəmsal formada keçirilməsi və gələcəkdə bu istiqamətdə addımların atılması fikrini də Məleykə Abbaszadə elə həmin tədbirdə səsləndirdi. DİM-in imtahanları həyata keçirmə prosesi, gördüyü işlər beynəlxalq şirkət təərfindən yüksək dəyərləndirilib. Bu dəyərləndirilmə audit nəticələri, DİM-in imtahan proseslərinin yoxlanılmasını rəqəmsal formada da həyata keçirmək gücündə olduğunu göstərir.
Həmin tədbirdə iştirak edənlər arasında idim və udit nəticələri haqqında ətraflı məlumat ala bildim. sözügedən məsələ audit şirkətinin DİM-ə göstərdiyi xüsusi diqqət nəticəsində meydana çıxdı. Ola bilər ki, RCEC şirkəti DİM-in keyfiyyət proqramını gördükdən sonra imtahan nəticələrinin öyrənilməsini məhz rəqəmsal formada keçirilməsini təklif etmişdir. Çünki DİM-in imtahan keyfiyyətini yoxlamaq, auditini aparmaq üçün 2-3 ay zamanı olub. Bu müddət ərzində təxminən 6 meyar, 53 alt meyar üzərində dəyərləndirilmələr aparılıb. Meyarlar çoxluğuna əsasən yaxın gələcəkdə DİM-ə imtahanların rəqəmsal formada keçirilməsi tövsiyyə olunub. Yaxud da DİM özü bu təklifi irəli sürüb. Hər bir halda bu prosesin lehinəyəm ”.
Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.