Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Avropa İttifaqı (Aİ) hakimiyyəti Aİ-dən gələn mallara gömrük rüsumları tətbiq edən ABŞ-a qarşı sərt cavab tədbirləri görməyə hazır olmalıdır.
1xeber.media xəbər verir ki, bu barədə Bloomberg siyasətçinin fikri ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
“Makron hesab edir ki, Aİ misal üçün Amerika texnologiyaları və xidmətlərinə qarşı cavab tədbirləri görməyə hazır olmalıdır”, - agentlik yazır.
Nəşrin mənbələrindən birinə görə, Fransa ABŞ-la danışıqlar yolu ilə nizamlanmaya can atarkən, hökumət eyni zamanda daha sərt cavab tədbirləri görməkdə israrlıdır. Qeyd olunur ki, Paris Avropa İttifaqının öz maraqlarını qorumaq üçün bütün mövcud vasitələrdən istifadə edərək cavab verməsini təmin etmək istəyir.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ABŞ-ın 185 ölkədən mal idxalına tətbiq etdiyi tarifləri “dünyadakı biznes və istehlakçılara ciddi zərbə” adlandırmışdı. O, Aİ-nin onlara cavab verməyə hazır olduğunu və cavab tədbirlərinin ilk paketini artıq razılaşdırdığını bildirib.