Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ümid edir ki, beynəlxalq təşkilata çevrilməklə bağlı Nizamnamə layihəsi 2026-cı ilin oktyabr ayının ikinci yarısında keçiriləcək sammitə qədər təsdiqə hazır olacaq.
Bunu “Report“a müsahibəsində Birliyin baş katibi Kayrat Sarıbay bildirib.
“Azərbaycanda keçiriləcək AQEM sammiti birliyimizin inkişafında mühüm mərhələ olacaq və Pan-Asiya dialoqu tarixində yeni səhifə açacaq. AQEM-in təşəkkülü iki irimiqyaslı və bir-birini tamamlayan proses fonunda baş verir: bir tərəfdən, qlobal təhlükəsizlik arxitekturasını dəyişdirən və Asiyanın artan rolunu vurğulayan genişmiqyaslı geosiyasi və iqtisadi dəyişiklikləri müşahidə edirik. Digər tərəfdən isə, AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsinə yönəlmiş mütərəqqi institusional inkişaf prosesi gedir”, - o qeyd edib
K.Sarıbay bildirib ki, Azərbaycan sədrliyi üç strateji prioritetə əsaslanan iddialı, lakin konkret gündəliklə çıxış edir: institusional transformasiya, etimad tədbirləri əsasında sektoral qarşılıqlı fəaliyyətin aktivləşdirilməsi, həmçinin beynəlxalq və regional strukturlarla əməkdaşlığın genişləndirilməsi.
“Bu prosesin kulminasiya nöqtəsi və Bakı sammitinin əsas nəticəsi təşkilatın yeni hüquqi statusunu təsbit edəcək AQEM Nizamnaməsinin qəbul edilməsi olmalıdır. Xatırladım ki, bu ideya 2022-ci ildə Astanada keçirilən altıncı sammitdə siyasi dəstək alıb. Bu gün Azərbaycan sədrliyinin himayəsi altında mütəmadi olaraq ekspert görüşləri keçirilir və ümid edirik ki, Nizamnamənin layihəsi 2026-cı ilin oktyabr ayının ikinci yarısında keçiriləcək sammitə qədər təsdiqə hazır olacaq”, - baş katib vurğulayıb.
Bununla yanaşı, AQEM-in institusional bazasının genişləndirilməsi üzərində iş aparılır. Bu istiqamətdə işlərə üzv dövlətlər arasında maliyyə və iqtisadi dialoq üçün daimi platforma kimi nəzərdə tutulmuş AQEM Maliyyə Sammiti aiddir.
Həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin AQEM-in altıncı sammitində irəli sürdüyü təşəbbüslər, o cümlədən regionda nəqliyyat və logistika əlaqələrinin inkişafına yönəlmiş Davamlı Qarşılıqlı Əlaqə Şurasının yaradılması və iqlim gündəliyi üzrə birgə səyləri əlaqələndirəcək AQEM Ekoloji Şurasının təsis edilməsi istiqamətində işlər davam edir.
Onun sözlərinə görə, 2024-cü ildə AQEM tarixində ilk dəfə keçirilən Ekologiya məsələləri üzrə Nazirlər Konfransı sonuncu təşəbbüsə əlavə təkan verib. Bu, təşkilat çərçivəsində ekoloji əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradıb: “Əminəm ki, Azərbaycanın 2024-cü ilin noyabrında COP29-a uğurlu sədrliyi AQEM çərçivəsində ekoloji gündəliyin irəlilədilməsində aparıcı rol oynayacaq”.
Baş katib həmçinin Azərbaycanın AQEM Qadınlar Şurasının yaradılması ilə bağlı yeni təşəbbüsünü vurğulayıb:
“Bu orqan Asiya məkanında qadınların sosial-iqtisadi və siyasi həyatda iştirakının genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması üzrə məşvərət platformasına çevrilməyi hədəfləyir. Hazırda yeni strukturların yaradılması ilə bağlı intensiv məsləhətləşmələr davam edir. Bu təşəbbüslərin bir qisminə 2025-ci ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçiriləcək AQEM Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında baxılması planlaşdırılır”.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq olar.