Türkiyə Prezidenti Rəəcb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Şahbaz Şərifin Laçına səfəri Azərbaycanın uğurlu xarici siyasətinin mühüm nəticəsi kimi diqqət çəkir.
Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkənin lideri ilə məhz 30 il sonra işğaldan azad olunan, bərpa edilən Laçında bir araya gəlməsi maraqla qarşılandı. Həm Bakı, həm Ankara, həm də İslamabad üçün kritik vəziyyətin müşahidə olunduğu beynəlxalq siyasi hadisələr fonunda görüşün tərəffüratları xüsusilə izlənilir. Ekspertlərin fikrincə, bu, həm də Azərbaycanın dünyaya yeni geosiyasi reallığın formalaşdığına dair mesajıdır.
1xeber.media xəbər verir ki.Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin Laçında baş tutan görüşü sadəcə diplomatik protokolun tərkib hissəsi deyil.
“Bu, həm simvolik məna daşıyan, həm də konkret geosiyasi mesajlar verən mühüm hadisədir.
Birincisi, görüşün məhz Laçında keçirilməsi təsadüfi deyil. Rayon uzun illər işğal altında qaldıqdan sonra Azərbaycanın nəzarətinə qaytarılıb və hazırda ölkənin postmünaqişə dövründə bərpa və inkişaf siyasətinin əsas hədəflərindən biridir. Belə bir məkanda üç dövlət liderinin bir araya gəlməsi, Azərbaycanın ərazi bütövlüyünün tanınması və bərpa olunmuş suverenliyin praktiki şəkildə təsdiqidir.
İkincisi, Bakı, Ankara və İslamabad arasında formalaşan üçtərəfli əməkdaşlıq təkcə siyasi bəyanatlarla məhdudlaşmır. Bu, təhlükəsizlikdən tutmuş müdafiə, ticarət və logistika sahələrinə qədər uzanan çoxşaxəli tərəfdaşlıq modelidir. Laçın görüşü qarşılıqlı münasibətlərin həm dərinliyini, həm də davamlı xarakterini təsdiqlədi.
Nəhayət, bu görüş bölgəyə və dünyaya aydın mesaj verir: Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqla hesablaşmaq zamanıdır. Azərbaycanın öz müttəfiqləri ilə bərabər nümayiş etdirdiyi birlik iradəsi təkcə regional sabitliyin deyil, həm də balanslı və təhlükəsiz gələcəyin əsas şərtidir”.