Bu gün Naxçıvanda “Qlobal İnformasiya Mühiti və Media Trendləri” Konfransı - “Mediafest-2025” keçirilir.
Konfrans çərçivəsində Naxçıvan televiziyası “Azerspace-1” peykində (11135 Horizontal 30000) yayıma başlayıb.
Naxçıvanda keçirilən tədbirdə ölkənin tanınmış media nümayəndələri, rəsmi qonaqlar - Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Mətbuat Şurasının sədri Rəşad Məcid, o cümlədən, digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2024-cü ilin 15 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan televiziyasına yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.
***
“Bu gün tədbirin təşkilatçılarından, eyni zamanda dövlət başçımızın diqqətində olan media orqanlarından biri - 104 yaşlı qocaman “Şərq qapısı” qəzetinin fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. “Şərq qapısı” qəzeti Azərbaycanın media məkanında xüsusi çəkisi olan, 104 illik tarixi ilə seçilən sanballı mətbuat orqanıdır. Bu qəzet təkcə Naxçıvanın deyil, bütövlükdə, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır”.
Bu sözləri Naxçıvanda keçirilən “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı - “Mediafest-2025”də çıxışı zamanı Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
Səlahiyyətli nümayəndə qeyd edib ki, klassik jurnalistika prinsiplərinə sadiqliyi, analitik və siyasi məqalələrə verdiyi önəmlə seçilən qəzet, son dövrlərdə fəaliyyətini daha da genişləndirib, sosial mediada da aktiv mövqe qazanıb. Qəzetin həm texniki bazası təkmilləşdirilib, həm də yaradıcı heyəti gücləndirilib. Ən önəmlisi isə “Şərq qapısı” qəzeti hüquqi status qazanaraq müasir media subyekti kimi fəaliyyətini daha çevik və sistemli şəkildə davam etdirmək imkanı əldə edib. Bu gün “Şərq qapısı” həm ənənəvi medianın, həm də müasir informasiya platformalarının uğurlu sintezini nümayiş etdirərək mühüm nailiyyətlərə imza atır.
Onun sözlərinə görə, son illərdə Naxçıvanda informasiya siyasətinin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biri də Naxçıvan televiziyasının peyk yayımına qoşulması olub: “Ölkə Prezidentinin mətbuata verdiyi önəmin bariz nümunəsidir ki, Naxçıvan Dövlət Universitetində müasir tələblərə cavab verən tədris proqramları əsasında peşəkar və ixtisaslı jurnalist kadr hazırlığı həyata keçirilir”.
“Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə qardaş Azərbaycan xalqını və media nümayəndələrini ürəkdən təbrik edirəm”. Bunu “Mediafest - 2025”ə videomüraciətində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun bildirib.
O deyib: “Azərbaycan mətbuatı 150 illik tarixi ilə yalnız xəbər çatdırmaqla kifayətlənməyib, eyni zamanda xalqın səsi, mədəni irsin daşıyıcısı və fikir azadlığının müdafiəçisi olub. Həqiqətin çatdırılmasını özünə borc bilən, ədalətli media mədəniyyətinin qorunmasına töhfə verən, etik dəyərlərə və jurnalistikanın prinsiplərinə sadiq qalan bütün mətbuat nümayəndələrini təbrik edirəm.
Dezinformasiyanın ən yüksək həddə çatdığı bir dövrdə, dəqiq məlumatı ictimaiyyətə çatdırmaq məsuliyyəti ilə hərəkət edən Azərbaycan mətbuatının həqiqət uğrunda apardığı mübarizəyə verdiyi töhfədən böyük məmnunluq duyuram. Həsən bəy Zərdabinin 1875-ci ildə Azərbaycan dilində nəşr etdiyi “Əkinçi” qəzeti ilə başlanan Azərbaycan mətbuatının yolçuluğu bu gün də böyük uğurla davam edir”.
Fahrettin Altun, xüsusilə Vətən müharibəsi dövründə Azərbaycan mətbuatının ölkənin haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq və sistemli dezinformasiya cəhdlərinin qarşısını almaq uğrundakı fəaliyyətindən bəhs edərək deyib: “Siz haqlı mübarizənizi böyük əzmlə müdafiə edərkən, eyni zamanda həqiqətin də carçısı oldunuz. Beynəlxalq ictimaiyyətin yalan, uydurma məzmun və dezinformasiya ilə zəhərlənməsinin qarşısını aldınız”.
O, həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyə arasında mətbuat sahəsindəki əməkdaşlıq, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu” ilə daha da gücləndi. Azərbaycan və Türkiyənin ortaq media platforması da kommunikasiya və media sahəsində əməkdaşlığı və Türk dünyası ilə münasibətlərin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İki ölkə arasındakı əlaqələr “Bir millət, iki dövlət” prinsipi ilə kommunikasiya sahəsindən enerjiyə, logistika sahəsindən müdafiə sənayesinə qədər hər sahədə özünü göstərir.qafqazinfo
