İsrailli tarixçi və politoloq Avraham Şmuleviçin son müsahibəsi diqqət çəkib. Onun sözlərinə görə, İsrail hazırda Güney azərbaycanlı müxalif qüvvələrlə danışıqlar aparır. Bu məlumat regionda diqqətlə izlənilir və müxtəlif siyasi dairələrdə ciddi müzakirələrə səbəb olur. Bəzi ekspertlərin fikrincə, bu təmaslar təkcə cari hərbi-siyasi qarşıdurmanın bir hissəsi deyil, həm də bölgədə uzunmüddətli strateji məqsədlərlə əlaqələndirilə bilər.
Bu danışıqların hədəfləri nədir? Hazırkı hücum şəraitində müxalifət daxili parçalanma üçün lazımdır deyə danışıqlar aparır? Yoxsa bu, strateji hədəflə üçün edilir? İran parçalanarsa, Güneydə Azərbaycan muxtariyyəti yaradıla bilərmi?
Globalinfo.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, bu kimi hallarda tərəflər əsasən qarşı tərəfin xalqının gözündə həmin ölkənin hakimiyyətini nüfuzdan salmağa çalışırlar:
“Tarixdə bu cür hadisələrə tez-tez rast gəlinib. Məsələn, İkinci Dünya müharibəsi zamanı nasist Almaniyası sovet xalqına müraciət edərək bildirmişdi ki, onların düşməni sovet xalqı deyil, Stalindir. Oxşar yanaşmanı sovetlər də nasist Almaniyasına qarşı tətbiq edirdi.İran-İraq müharibəsində də buna bənzər taktikalardan istifadə olunmuşdu. Tərəflər psixoloji müharibə vasitəsilə həm öz mövqelərini gücləndirməyə, həm də qarşı tərəfin daxilində parçalanma yaratmağa çalışıblar.
İsrailin Baş naziri Benyamin Netanyahu da çıxışlarında qeyd edirdi ki, onların düşməni İran xalqı deyil, İran rejimidir. O, həmçinin bildirirdi ki,İran və İsrail xalqları arasında qədim dostluq münasibətləri olub. Bu cür ritorika adətən müharibələr zamanı müşahidə olunur.
Hazırkı münaqişədə də tərəflər oxşar metodlardan istifadə edirlər. Əgər İsrail bu cür addımlar atırsa, məqsədi İran rejimini zəiflətməkdir. Digər tərəfdən,İran da daim bəyan edir ki, onun əsas hədəfi İsrail rejimini məhv etməkdir”.