XX əsr Avropa ədəbiyyatında zaman və tale qarşıdurmasını dərin fəlsəfi təhlillərlə göstərən əsərlərdən biri italyan yazıçı Dino Busattinin “Tatar çölü” romanıdır. Əsərdə baş qəhrəman Giovanni Droqo həyatının ən maraqlı illərini sərhəddə yerləşən qalada, gəlməyən bir düşməni gözləməklə keçirir. Droqo üçün savaş ümidi bir məqsəd, həyatını mənalandıracaq hadisədir.
“Tatar çölü” əsərindəki “gözləmə psixologiyası” kimi, İran-İsrail münasibətlərində də illərlə davam edən gərginlik beynəlxalq şüurda qaçılmaz, lakin təxirə salınmış müharibə gözləntisini formalaşdırmışdı. Bu savaş əsasən “qaçılmaz müharibə” (inevitable war) kimi təsvir olunurdu – hamı onun baş verəcəyini anlayır, amma vaxtını bilmirdi.
Bizim üçün arzu olunmayan, lakin gözlənilən müharibə iyunun 13-ü gecə saatlarında başladı. Müharibənin başlaması ilə Azərbaycan da dünyanın diqqət mərkəzinə düşdü.
Çünki;
– Azərbaycan yeganə ölkədir ki, həm şimalında , həm də cənubunda müharibə gedir.
– Yeganə ölkədir ki, iki supergücün arasında yerləşir.
– Yeganə ölkədir ki, 21-ci əsrdə müharibədən siyasi və hərbi aspektdən tam və mütləq qələbə ilə çıxıb.
– Yeganə ölkədir ki, hətta bu cür geosiyasi konflikt vəziyyətində belə qlobal aktorlar onu nəzərə alır.
Azərbaycan həm coğrafi yeri, həm də çoxvektorlu xarici siyasət strategiyası ilə bu proseslərdə unikal mövqedədir. İran-İsrail, Ukrayna-Rusiya və keçmiş Qarabağ münaqişəsi fonunda bu, daha çox nəzərə çarpır.
Belə mürəkkəb geosiyasi şəraitə və müxtəlif ikitərəfli maraqlara baxmayaraq,Azərbaycan etibarlı tərəfdaş və təhlükəsiz tranzit ölkəsi imicini qoruyub saxlayır.
Bütün faktorları ümumiləşdirəndə deyə bilərik ki, Azərbaycan İsrail–İran münaqişəsində sərgilədiyi balanslaşdırılmış, humanitar hüquqa və strateji neytrallığa əsaslanan mövqeyi ilə beynəlxalq siyasi ictimaiyyətə master-klass keçir:
1. İrandakı hərbi gərginlik fonunda rusiyalı sənətçilərin və Avropa dövlətlərinin diplomat və vətəndaşlarının Azərbaycan üzərindən təxliyəsi, Bakının böhran dövründə etibarlı tranzit və humanitar aktor kimi funksionallığını təsdiqlədi.
2. Rəsmi Bakı bütün əsassız narrativlərə rəğmən, öz ərazisinin heç bir halda üçüncü ölkə tərəfindən, xüsusilə də İrana qarşı hərbi məqsədlərlə istifadə edilməyəcəyini bəyan etdi. Həmçinin suverenlik prinsipinə sadiqliyini rəsmi Tehrana çatdırdı.
3. Azərbaycan strateji tərəfdaşı İsrailə İran ərazisindəki mülki obyektlərin hədəfə alınmaması ilə bağlı mesaj verərək, beynəlxalq humanitar hüquqa və normativ aktor modelinə sadiqliyini göstərdi.
Ölkəmizin qlobal və regional geosiyasi çəkisinin artdığı bir mərhələdə ona qarşı ittiham cəhdlərinin intensivləşməsi gözlənilən idi. Təəssüf doğuran məqam odur ki, bu cür ittihamlar bəzən tarixi, mədəni və strateji baxımdan dost və qardaş ölkələrdəki qruplardan gəlir.
Heç bir silahlı münaqişə daimi deyil; İsrail–İran qarşıdurması da zamanla sona çatacaq. Bu mərhələdən sonra, böhran dövründə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürənlərin tutacağı mövqe gələcək münasibətlərin konfiqurasiyası baxımından xüsusi əhəmiyyət daşıyacaq. Bir daha bəlli olacaq ki, diplomatik münasibətlərdə emosional deyil, institusional və hüquqa əsaslanan yanaşmalar dayanıqlı əməkdaşlığın əsas elementidir.
Aqşin Evrən
Globalinfo.az-ın baş redaktoru