Enerji məsələləri üzrə Azərbaycanın aparıcı mütəxəssisi İlham Şaban SOCAR-ın Yaxın Şərq bazarında atdığı növbəti strateji addımı şərh edib.
1xeber.media xəbər verir ki, o, prosesi həm iqtisadi, həm də geosiyasi kontekstdə qiymətləndirib.
İlham Şabanın yazısında diqqət ona çəkilir ki, Azərbaycanın İsrail bazarına daxil olmasından sonra SOCAR indi Suriyada mümkün layihələri nəzərdən keçirir. Bu isə regionun enerji mənzərəsində Azərbaycanın rolunu xeyli genişləndirir.
İlham Şaban qeyd edir ki, bu gün Bakıda Suriyanın keçid dövrü üçün prezidenti Əhməd əl-Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Hökuməti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Suriya mənbələrinin yaydığı məlumata əsasən, SOCAR ölkənin qaz təminatında iştirak etməyə və Suriyanın şimal-şərqində yerləşən neft-qaz yataqlarının bərpasında rol almağa dəvət olunub. Bu, faktiki olaraq Azərbaycanın enerji diplomatiyasının Yaxın Şərqdə ikinci böyük platforması hesab olunur.
Analitik qeyd edir ki, bu prosesin siyasi bazası hələ 2025-ci ilin aprelin 11-13-də Antalyada keçirilmiş diplomatik forumda qoyulub. Prezident İlham Əliyev və Əhməd əl-Şaraa həmin forum çərçivəsində keçirilən görüşdə Azərbaycanın Suriyanın enerji sektorunun bərpasında mümkün iştirakını xüsusi müzakirə mövzusuna çeviriblər. Ardınca may ayında Dəməşqdə keçirilən görüşdə Suriya Prezidenti Azərbaycan nümayəndə heyətini, o cümlədən baş nazirin müavini Samir Şərifovu qəbul edərək, artıq daha konkret iqtisadi məsələlər üzrə fikir mübadiləsi aparıb.
İlham Şabanın qənaətinə görə, SOCAR-ın Suriyada qaz və neft layihələrinə cəlb olunması Azərbaycanın ixrac imkanlarını artırmaqla yanaşı, Bakı üçün strateji əhəmiyyət daşıyır. Çünki enerji sektorunda iştirak təkcə ticarət və gəlir demək deyil – bu, həm də Azərbaycanın həmin ölkələrdə möhkəmlənməsi, geosiyasi çəkisinin artması və regional diplomatiyada daha aktiv oyunçuya çevrilməsi deməkdir.
Ekspert vurğulayır ki, Suriyada SOCAR-ın iştirak edəcəyi layihələr Azərbaycanın iqtisadi təhlükəsizlik zəncirinə yeni həlqə əlavə edir. Çünki belə əməkdaşlıqlar Azərbaycanın enerji ixrac coğrafiyasını şaxələndirməklə yanaşı, Bakı ilə Yaxın Şərq ölkələri arasında etimad və qarşılıqlı asılılıq əlaqələrini də möhkəmləndirir. İlham Şaban bunu həm də regional enerji balansında Azərbaycanın çəkisinin böyüməsi kimi qiymətləndirir.
Beləliklə, SOCAR-ın Suriyada mümkün fəaliyyətləri Azərbaycanın yalnız enerji strategiyası baxımından deyil, həm də regional diplomatiya və geosiyasi maraqlar baxımından ciddi qazanclar əldə etməsinə zəmin yaradır.
Musavat.com