Türkiyənin TRT yayım şirkətinin bölməsi olan “TRT Kurdi” Güney Azərbaycanın tarixi şəhərlərindən Urmiyanı “qədim kürd şəhəri” kimi təqdim edib. Kanalda yayımlanan sujetdə şəhərdə kürdlərin üstünlük təşkil etdiyi olduğu, burada kürd adət-ənənələri, tarixinin izlərinin qaldığı vurğulanıb.
Bu məsələ Azərbaycan və Türkiyə ictimaiyyətində birmənalı qarşılanmayıb, ciddi etirazlara səbəb olub. Lakin TRT rəsmi səviyyədə heç bir açıqlama yaymayıb, mövzuya münasibət bildirməyib. Maraqlıdır ki, hələ bir müddət öncə Urmiyada yaşayan azərbaycanlılar İran hökumətinin illərdir əraziyə kütləvi şəkildə kürdləri köçürdüyünü və şəhərin “kürdləşdirilməsinə” çalışdığını bildirirlər. Mart ayında şəhərin kürd əhalisinin Novruz bayramında törətdiyi təxribatlardan sonra isə güneyli soydaşlarımız küçələrə axışdı, hökumətin kürdlərlə bağlı siyasətinə etiraz etdi. “Urmi türkdür, türk qalacaq” şüarları ilə mitinqlər keçirildi.
Bu təşəbbüsün arxasında nə dayanır? Tarixi şəhərimizi saxtalaşdırmaqda məqsəd nədir? TRT-nin belə həssas mövzuda davranışı diqqətsizlik, yoxsa planlı həmlə kimi dəyərləndirilməlidir?
1xeber.media xəbər verir ki, Globalinfo.az-a danışan sabiq deputat Fəzail Ağamalı bildirib ki, bu təqdimat tamamilə yanlış, tarixin saxtalaşdırılması və təxribat xarakteri daşıyır:
“Bütün tarixi mənbələr Urmiya bölgəsini Azərbaycanın ən qədim ərazilərindən biri kimi təsdiqləyir. Arxeoloji və etnoqrafik tədqiqatlar da bu faktı dəstəkləyir. Urmiya Azərbaycanın qədim mədəniyyət beşiklərindən biri hesab olunur. Şəhərin ətrafında uzun müddətdir müxtəlif mübahisələr gedir. Urmiya gölünün qurudulması və əraziyə dağlardan kürdlərin köçürülməsi indiki fars molla rejiminin siyasətinə əsaslanır. Bu rejim Urmiyada Azərbaycan kimliyini sıradan çıxarmaq və kürd üstünlüyünü təmin etmək məqsədilə kürdlərin köçürülməsini təşviq edir. Son dövrlərdə bu proses xüsusilə fəallaşıb. Kürdlər Urmiya xanlığının ərazisindən tamamilə kənarda, Türkiyə ilə şəhərin arasındakı dağlıq ərazilərdə yaşayan xalqlardır. Onlar tədricən Urmiyaya köçürülərək burada məskunlaşmağa başlayıblar və şəhəri milli kökündən uzaqlaşdıraraq kürd mədəniyyəti ilə əlaqələndirməyə çalışırlar. Tarixi faktlar isə bunun tam əksini göstərir”.
Sabiq deputat əlavə edib ki, efirdə yayımlanan bu cür süjetlər tarixi həqiqətləri təhrif edir və böhtan xarakteri daşıyır:
“Belə bir verilişin yayımlanması olduqca utancvericidir. Bu məsələyə dair Azərbaycanın Tarix İnstitutu xüsusi sənədlərə istinad edərək bəyanat verməli və həmin verilişə konkret, həmçinin tutarlı faktlarla münasibət bildirməlidir. Eyni zamanda, TRT-nin efirində yayımlayan sujetdə tarixi saxtalaşdıran şəxslər də ifşa olunmalıdır. Çünki Urmiya Azərbaycan türklərinin ən qədim yaşayış məskənlərindən və mədəniyyət beşiklərindən biridir. 2016-cı ilin statistik göstəricilərinə əsasən, Urmiyada 8 minə yaxın əhali məskunlaşıb. Bu əhalinin mütləq əksəriyyətini isə hələ də Azərbaycan türkləri təşkil edir”.
Siyasi şərhçi Əziz Əlibəyli qeyd edib ki, bu, TRT-nin ilk səhvi deyil və bəzən onların bu cür yanlışlıqlarının üzərindən keçilir:
“Məsələn, daha əvvəl bir neçə dəfə Azərbaycan xəritəsi ilə bağlı da yanlış məlumatlar yayımlanıb. Bu hadisənin ciddi məqsədi var və Urmiyanı kürdlərin ərazisi kimi təqdim etmək böyük biabırçılıqdır. Bir ay əvvəl yaşanan İsrail-İran qarşıdurmasına və bu proseslərin gedişatına diqqət yetirsək, görərik ki, Güney Azərbaycan bombalananda bəzi çevrələrin səsləri çıxmadı. Qanlı hadisələr artıq arxada qaldıqdan sonra isə indi “Urmiya Kürdüstandır” kimi ifadələr ortalığa atılır. Burada əsas məqsəd, əlbəttə ki, Azərbaycan-Türkiyə münasibətlərini zədələməkdir və bu şəxslər TRT-də fəaliyyət göstərirlər. Digər tərəfdən, İsrailin Qəzzadakı qətliamlarına necə bəraət qazandırılmağa çalışılırdısa, indi də “kürdüstan” məsələsi üzərindən İsrailin İranı hədəf almasını leqallaşdırmağa cəhd edirlər Burada, bir növ, vurulan tərəfin kürdlər olduğu mesajı verilir”.
Ekspertin sözlərinə görə, son zamanlar birdən-birə Urmiya ilə bağlı yaranan “sevgi” narahatlıq doğurur:
“Türkiyə, Azərbaycan və İran liderlərinin Xankəndindəki üçlü görüşü, SEPAH və digər qüvvələrin planlarına böyük zərbə vurdu. Xankəndi görüşü, həmçinin bu məsələyə ciddi təsir göstərdi. Ümumilikdə, artıq “kürdləşdirmə” hərəkatı başlayıb və bu proses, xüsusilə Türkiyənin milli dövlətçiliyinə ciddi təhdid yaradır”.