ABŞ Ukraynada hakimiyyətin zorla dəyişdirilməsi ssenarisini nəzərdən keçirir.
Bu barədə tanınmış amerikalı jurnalist Seymur Herşin iddia qaldırıb. O, bildirir ki, Amerika paytaxtındakı mənbələr Ukrayna prezidenti Volodimir Zelenskinin yaxın aylarda vəzifədən uzaqlaşdırıla biləcəyini deyir.
Mümkün əvəzləyici kimi isə Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı, hazırda Londonda Ukraynanın səfiri olan Valeri Zalujnının adı çəkilir. Herşin yazdığına görə, Zelenski tərəfindən işdən çıxarılan Zalujnı döyüş zonasındakı çıxılmaz vəziyyətlə bağlı açıq danışdığı üçün populyarlıq qazanıb və indi prezident postuna ən uyğun namizəd kimi görünür.
“Mənə dedilər ki, bu əvəzetmə bir neçə ay ərzində baş verə bilər. Prezident Donald Tramp qərar verərsə, Zelenski qovulacaq. Əgər Zelenski könüllü istefa verməzsə, o, zorla uzaqlaşdırılacaq”, – deyə Herş vurğulayıb.