Mərkəzi qərargahı Parisdə yerləşən BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO hazırda özünün ən çətin günlərindən birini yaşayır. Adı korrupsiya və rüşvət qalmaqallarında çəkilən təşkilat ciddi böhran içindədir. İş o yerə çatıb ki, artıq ABŞ belə bu təşkilatda təmsil olunmaq istəmir. Prezident Donald Tramp ölkəsinin UNESCO-dan çıxması barədə qərar qəbul edib. Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib ki, Prezident ABŞ-ni UNESCO-dan çıxarmaq qərarına gəlib, çünki təşkilat ABŞ-nin maraqlarına uyğun olmayan təşəbbüsləri dəstəkləyir.
Göründüyü kimi, təşkilatın öz missiyasına uyğun olmayan fəaliyyəti ona baha başa gəlməkdədir. Bu azmış kimi UNESCO-nun, daha dəqiq desək, onun indiki rəhbərliyinin adı korrupsiya qalmaqallarında hallanmağa başlayıb.
Maraqlıdır ki, təşkilatın korrupsiyaya uğramasında birbaşa məsuliyyət daşıyan baş direktor Odri Azule Donald Trampın ölkəni təşkilatdan çıxarmaq qərarı ilə bağlı təəssüfünü bildirib. "Bu, təəssüf doğursa da, gözlənilən idi və UNESCO buna hazırdır", - baş direktor qeyd edib. İddia etməyə çalışıb ki, ABŞ-nin UNESCO-dan çıxmasının səbəbləri yeddi il əvvəl Trampın ilk prezidentlik müddətində bəyan etdiyi səbəblərlə eynidir, lakin o vaxtdan bəri təşkilat daxilində vəziyyət çox dəyişib. O, son illərdə struktur islahatlarının həyata keçirildiyini və maliyyə mənbələrinin şaxələndirildiyini xatırladıb. Hazırda ABŞ-nin töhfəsi təşkilatın ümumi büdcəsinin 8 %-ni təşkil edir. "İndiki mərhələdə təşkilat hər hansı bir ixtisar mümkünlüyünü nəzərdən keçirmir", - o vurğulayıb.
Qalmaqallar barədə Meksikanın “Inner City Press” nəşri də yazıb. Məsələ ondadır ki, təşkilatın yeni baş katibi seçkilərinə hazırlıq gedir. Namizədlər arasında isə meksikalı Qabriela Ramos da var. Bu xanımın adı Meksika hökumətində təmsil olunarkən bir sıra qalmaqallarda, vəzifəsindən sui-istifadə hallarında keçib. Amma xanım Ramos bu halları inkar edərək UNESCO-nun rəhbəri vəzifəsinə seçkilərdə Meksika prezidenti Klaudia Şeinbaumun dəstəyini aldığını bildirib. Lakin Şeinbaum bildirib ki, Meksika hökuməti Ramosu dəstəkləmir.
Qeyd edildiyi kimi UNESCO-nun korrupsiyaya uğramasında Baş direktor Odri Azulenin xüsusi rolu var. Bu xanımla bağlı mediada dəfələrlə ifşaedici məlumatlar yayılıb. Onun öz vəzifəsindən ciddi sui-istifadə hallarına yol verdiyi bildirilir. Təşkilatda korrupsiyanın olması haqqında 136 ifşaedici material dərc edilib.
Meksika mediası isə yazır ki, Ramosun sentyabr ayına qədər yarışı tərk etməsi ehtimalı daha çoxdur. “Bütün seçki oyunları çirkli fəndlər üzərində qurulsa da, bu fəndlər həmişə uğurlu olmur... BMT agentliyində korrupsiya, mənimsəmə, səlahiyyətdən sui-istifadə və nepotizm (qohumbazlıq - red.) üçün münbit şərait yaranıb”, - “Inner City Press” nəşri yazıb.
Nəşr yazır ki, Ramosun kampaniyasına növbəti ciddi zərbə bir neçə gün əvvəl yenə də Meksika hakimiyyətindən gəlib. Prezident Klaudia Şeinbaum əsas diqqətinin BMT-nin baş katibi vəzifəsinə ölkənin keçmiş XİN başçısı Alisiya Barsenanın seçilməsinə yönəldiyini bildirib. Aydındır ki, ölkə iki meksikalı namizədin BMT-nin iki qurumunun rəhbəri vəzifəsinə seçilməsinə dəstək verməyəcək. Buna görə də Meksika hökuməti namizədini BMT baş katibi vəzifəsi uğrunda seçkilərdə dəstəkləyir, korrupsiyaya uğramış UNESCO isə onlara maraqlı deyil.
Göründüyü kimi, BMT-nin əsas qurumlarından olan UNESCO korrupsiya və saxtakarlıq səbəbindən dağılır. Məhz baş direktor Azulenin qurduğu korrupsiya sistemi onun fəaliyyətinə mənfi təsir göstərir. Məsələn, Türkiyənin UNESCO-dakı səfiri Gülnur Aybet ötən ay keçirilən İcraiyyə Şurasının iclasının açılışında çıxış edərək baş direktorun ofisinin çox ləng işlədiyini qeyd edib və Odri Azuledən baş direktor və daimi nümayəndəliklər arasında əlaqəni yaxşılaşdırmağı xahiş edib, sürətin və vaxtında reaksiya verməyin vacibliyini vurğulayıb.
Azulenin adı Azərbaycan cəmiyyətinə də yaxşı məlumdur. Ölkəmizin mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi barədə UNESCO-ya mütəmadi olaraq məlumat verilməsinə baxmayaraq, bu qurum biganə münasibəti ilə seçilib. Dəfələrlə müraciət edilsə də, təşkilat Azərbaycanın mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə işğaldan azad edilən ərazilərə missiya göndərmədi. Bunun da səbəbi indi bəlli olur. Erməni lobbisindən aldığı vəsaitlər, rüşvət və korrupsiya faktları onu indiki vəziyyətə gətirib çıxarıb. Donald Tramp administrasiyasının atdığı addım da bundan xəbər verir.
Xatırladaq ki, UNESCO-nun fəaliyyəti ilə bağlı bir qədər əvvəl qalmaqallı faktlar üzə çıxmışdı. Qurumun korrupsiya və saxtakarlıq səbəbindən dağıldığı barədə xəbərlər nüfuzlu nəşrlərdə yer alır. 2017-ci ildən təşkilata rəhbərlik edən fransalı Odri Azulenin rəhbərlik etdiyi UNESCO-nun strukturundakı həyəcanlı vəziyyət barədə Meksikanın “Inner City Press” dəfələrlə yazıb. Azulenin və komandasının təşkilata şəxsi mağaza və ya ailə mülkü kimi yanaşdığı, eləcə də, üzv dövlətlər tərəfindən bu vəziyyəti düzəltmək üçün ciddi səylər göstərilmədiyi vurğulanır.
Beləliklə, bu gün UNESCO-nun dayandığı yer korrupsiyanın, mənimsəmənin, səlahiyyətdən sui-istifadənin və qohumbazlığın çiçəklənməsinə münasib olan BMT agentliyidir. Bu, həm də Antonio Quterreşin hədsiz dərəcədə korrupsiyalaşmış BMT sisteminin nümunəsidir. Və bununla bağlı daha çox məlumatlar olacaq.
Göründüyü kimi, UNESCO maliyyə fırıldaqçılığı, vəzifə səlahiyyətlərindən sui-istifadə halları və s. qanunsuzluqların ünvanına çevrilib. Reallıq budur ki, bu qurum son 7 ildə korrupsiyanın, nepotizmin, sui-istifadənin çiçəkləndiyi münbit ünvan təsiri bağışlayır. On illiklər ərzində dünya elm və mədəniyyətinə əvəzsiz töhfələr vermiş nəhəng bir humanitar institut təəssüf ki, korrupsiya yuvasına çevrilib.