“Zəngəzur dəhlizi ilə bağlı son iddialar, xüsusilə ABŞ şirkətinə 100 illik icarə məsələsi, artıq təkcə regional deyil, qlobal maraqların toqquşduğu bir platformaya çevrilib. Ermənistanın əvvəlcə inkar edib, sonra “bəlkə də” deyə çalxalanması daxili siyasi xaosun və xarici təsirlərə açıqlığının göstəricisidir. Bu isə onu göstərir ki, proseslərin arxasında daha böyük oyunçuların maraqları gizlənib”.
1xeber.media xəbər verir ki, bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.
Siyasi analitikin sözlərinə görə, İranın bu məsələyə qarşı çıxması təsadüfi deyil:
“Tehran regionda ABŞ-ın istənilən iqtisadi-siyasi fəallaşmasını özünə təhdid sayır. Azərbaycan səssizliyini strateji kart kimi qoruyur: danışmır, lakin izləyir və zamanlama gözləyir. Bu təklifin hazırda ilkin diplomatik-texniki mərhələdə olduğu ehtimal edilir. Rəsmi sənədlər yoxdur, amma “dövlətlərarası pərdəarxası danışıqlar” modeli işə düşüb. Ermənistan və İranın bu məsələdə tam razılaşması çətin görünür. Hər iki ölkənin maraqları toqquşur. İran Qərb təsirindən qorxur, Ermənistan isə Qərbin himayəsindən qopmaq istəmir. Regionda kommunikasiyaların açılması ideyası hələ də siyasi minaya bənzəyir, doğru addım atılmasa partlaya bilər. Hazırkı müzakirələrdə əsas problem hüquqi çərçivələrin qeyri-müəyyənliyidir. ABŞ şirkətinin adının belə çəkilməsi bu çərçivəsizliyin nəticəsidir. Suyu bulandıranlar çoxdur, əsas oyunçular real planlar üzərində razılaşmadan heç bir dəhliz sabitlik gətirməz. Zəngəzur məsələsi təkcə yol deyil, geopolitik dominodur, biri hərəkət etsə, hamı tərpənəcək. Əvvəl-axır bu dəhliz açılacaq”.