Qızıl girovu ilə verilən kreditlər son illərdə maliyyə bazarında ən çox müraciət edilən kredit məhsullarından birinə çevrilib. Xüsusilə rəsmi gəliri olmayan, kredit tarixçəsində problemlər yaşayan və ya ənənəvi bank kreditlərinə çıxış imkanları məhdud olan şəxslər üçün bu model alternativ maliyyələşmə vasitəsi hesab olunur. Belə kreditlər qısa müddətdə nağd vəsait əldə etmək imkanı yaratsa da, müəyyən riskləri də özündə ehtiva edir.
Bəs qızıl girovu ilə kredit götürən şəxslər hansı hallarda problemlə üzləşə bilər?
1xeber.media xəbər verir ki,mövzu ilə bağlı tanınmış bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, qızıl girovu ilə verilən kreditlər əsasən təminatlı kredit növlərinə aiddir və bir çox hallarda lombard krediti kimi tanınır.
Onun sözlərinə görə, bu kredit məhsulu ən çox rəsmi iş yeri olmayan və ya müxtəlif səbəblərdən bankların standart kredit şərtlərinə uyğun gəlməyən şəxslər üçün əlavə imkan yaradır.
"Bu, əsasən rəsmi iş yeri olmayan və kredit götürə bilməyən şəxslər üçün əlavə kredit imkanıdır. Yəni təminatlı kredit növlərinə aid edilən, bir çox hallarda lombard krediti kimi tanınan kredit məhsuludur. Şəxsin biznesi ola bilər və ya ümumiyyətlə işləməyə bilər, lakin təcili pul vəsaitinə ehtiyacı yarandıqda və ya müəyyən məbləğ əldə etmək istədikdə, əgər qızılı varsa, onun bir hissəsini girov qoyaraq kredit götürə bilər".
Ekspert qeyd edib ki, bu mexanizm istifadə olunmayan aktivlərin maliyyə resursuna çevrilməsinə imkan verir.
"Beləliklə, qeyri-işlək aktiv işlək aktivə çevrilmiş olur. Şəxs qızılı girov qoyaraq kredit alır və vaxtında ödənişləri edərək öhdəliyini yerinə yetirdikdən sonra girovdan azad edir. Bu baxımdan qızıl girovu ilə kredit vətəndaşın qısamüddətli maliyyə ehtiyaclarını qarşılamaq üçün çevik həll yollarından biri hesab olunur".
Emin Kərimovun sözlərinə görə, əsas risk kredit öhdəliklərinin vaxtında yerinə yetirilmədiyi hallarda ortaya çıxır. Belə vəziyyətlərdə girov qoyulmuş qızılın bir hissəsi və ya tam şəkildə realizə edilməsi mümkündür.
"Risklər isə ondan ibarətdir ki, əgər şəxs krediti vaxtında tam ödəyə bilməsə və müqavilə şərtlərini pozarsa, girov qoyulmuş qızıl borcun ödənilməsinə yönəldilə bilər. Bu zaman kredit təşkilatı öz vəsaitini geri qaytarmaq üçün girov predmetindən istifadə edir".
Bununla belə, ekspert hesab edir ki, bu kredit növündə risk digər bəzi kredit məhsulları ilə müqayisədə daha idarəolunan xarakter daşıyır.
"Bu halda risk nisbətən yumşaq hesab olunur. Məsələn, əgər kreditin 50-60 faizi artıq ödənilibsə və yalnız qalan hissə bağlanmayıbsa, realizə prosesi zamanı yalnız borcu qarşılayan hissə qədər qızılın satılması mümkündür. Artıq qalan hissə isə müştəriyə qaytarıla bilər. Bu da girov qoyan şəxsin bütün əmlakını itirməsinin qarşısını alan mexanizmlərdən biridir".
Bank eksperti bildirib ki, qızıl girovu ilə kredit götürməzdən əvvəl vətəndaşlar müqavilə şərtlərini diqqətlə öyrənməli, aylıq ödəniş imkanlarını düzgün qiymətləndirməli və gecikmə halında tətbiq edilə biləcək şərtlərlə tanış olmalıdırlar.
"Ümumilikdə rəsmi gəlir arayışı təqdim edə bilməyən və ya müxtəlif səbəblərdən kredit əldə etməkdə çətinlik çəkən şəxslər qızıllarını girov qoyaraq nağd vəsait ehtiyaclarını qarşılaya bilirlər. Bu, müştərilər üçün əlavə imkan yaradan kredit məhsuludur. Lakin hər bir kredit öhdəliyi kimi, burada da maliyyə imkanları düzgün hesablanmalı və risklər əvvəlcədən nəzərə alınmalıdır".
Beləliklə, qızıl girovu ilə kreditlər maliyyə əlçatanlığını artırsa da, vətəndaşlar qərar verməzdən əvvəl faiz dərəcələrini, ödəniş cədvəlini və girov şərtlərini diqqətlə təhlil etməlidirlər. Bu yanaşma gələcəkdə yarana biləcək maliyyə problemlərinin qarşısını almağa kömək edə bilər.
















