AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun Azərbaycanı tərk etdiyi və ölkə banklarında 170 milyon manatlıq vəsaitinin olduğu barədə xəbər yayılıb. Bildirilir ki, hazırda İspaniyada yaşayan C.Əsgərov bu vəsaitdən hər ay 1 milyon 200 min manat gəlir əldə edir. Belə bir böyük məbləğin qanunsuz yolla əldə edilməsi ehtimalı müzakirələrə səbəb olub. Hüquqşünaslar vəsaitin mənbəyi şübhəli olduğu halda, bu pulların müsadirə olunmasını doğru hesab edir. Lakin bu məsələnin araşdırılması və nəticələrin açıqlanması üçün daha dərindən hüquqi müstəvidə araşdırmalara ehtiyac var.
Bu haqda qanun nə deyir? O pulların mənbəyi şübhəli hesab olunarsa, hüquqi baxımdan bu vəsait müsadirə oluna bilərmi?
1xeber.media xəbər verir ki,Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Azərbaycanda bir çox yüksək vəzifəli, eləcə də bəzi aşağı ranqlı məmurlar əsasən qanunsuz yollarla korrupsiya nəticəsində əldə etdikləri xeyli vəsaiti daşınmaz əmlaklara və xarici bank hesablarına yönəldiblər:
“Lakin mövcud qanunvericilik bunları müsadirə etmir. Səbəb isə ölkədə məmurlar üçün gəlir və xərc bəyannaməsi sisteminin tətbiq olunmamasıdır. Başqa sözlə, heç kim vəsaitinin mənbəyini göstərməyə məcbur deyil və bu səbəbdən əmlakın mənşəyi sual altına düşsə belə, müsadirə olunması mümkün olmur. Banklar çirkli pulların yuyulmasına qarşı qanunvericilik çərçivəsində vəsait yerləşdirən şəxslərdən pulun mənbəyini soruşur. Lakin sistemdə şəffaflıq və məcburi açıqlama olmadığı üçün verilən cavablar çox zaman həqiqətə uyğun olmur, məsələn, “bu pul babamdan qalıb” kimi bəhanələrlə bankların araşdırma imkanları məhdudlaşdırılır. Halbuki bir çox sivil ölkələrdə gəlir və xərc bəyannaməsinin verilməsi məcburidir. Belə sistemlərdə məmurlar hər il nəyi var və hansı mənbədən əldə etdiyini bəyan etməlidir. Bu isə şəffaflığın təmin olunmasına və korrupsiyanın qarşısının alınmasına xidmət edir. Məsələn, Cahangir Əsgərov da Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı kimi vəsaiti xarici banklara yerləşdirsə, eyni qaydada onu sorğu-sual edərdilər. Amma ölkəmizdə belə nəzarət mexanizmi yoxdur”.
Hüquqşünas qeyd edib ki, Azərbaycanda gəlir və əmlakların bəyan edilməsini nəzərdə tutan qanun hələ 2005-ci ilin iyun ayında qəbul olunub:
“Həmin vaxt ölkə BMT -nin korrupsiyaya qarşı konvensiyasına da qoşulub. Qanunda göstərilib ki, bəyannamənin forması Nazirlər Kabineti tərəfindən hazırlanmalı və təsdiqlənməlidir. Prezident də 2005-ci ildə bununla bağlı fərman imzalayıb və Nazirlər Kabinetinə müvafiq tapşırıq verib. Lakin artıq 20 il keçməsinə baxmayaraq, Nazirlər Kabineti bu formu hələ də təsdiqləməyib.
2023-cü ilin aprelində bu formanın layihəsini özüm hazırlayıb Baş nazirə təqdim etdim. Orda əlavə olaraq qeyd etdim ki, ictimaiyyətdə belə bir təsəvvür formalaşıb ki, hökumət korrupsiyaya qarşı mübarizə aparmaq istəmir. Əgər bu mexanizm həyata keçirilməzsə, həmin fikir daha da möhkəmlənəcək. Buna baxmayaraq, nəticə yenə də dəyişməz qaldı. Hazırkı vəziyyət isə korrupsiyaya əlverişli şərait yaradır. Bəzən deyilir ki, korrupsiyaya qarşı mübarizə aparılır və bu məqsədlə müəyyən şəxslər həbs olunur. Lakin bu yanaşma sistemli deyil və effektiv nəticə vermir. Korrupsiya ilə mübarizə yalnız ictimai nəzarət və qanunların effektiv icrası ilə mümkün ola bilər. Əks halda, dövlət orqanlarının bir-birinə formal nəzarəti korrupsiyanın qarşısını almaq əvəzinə, onu daha da dərinləşdirə bilər”.
Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, Azərbaycanda keçmiş məmurların varidatının araşdırılması ilə bağlı hər hansı hüquqi presedent və ya formalaşmış ənənə yoxdur:
“Əgər həmin şəxs vəzifədə olduğu dövrdə hakim komandaya qarşı çıxmayıbsa və ya daxili siyasi ziddiyyət yaratmayıbsa, adətən vəzifədən getdikdən sonra toxunulmaz qalır. Onların qanuni və ya qeyri-qanuni yollarla topladıqları varidat araşdırılmır, müsadirə edilmir. Bu baxımdan, Cahangir Əsgərovun da əldə etdiyi əmlakın və sərvətlərin hər hansı dövlət qurumu tərəfindən araşdırılacağını gözləmək real görünmür. Mətbuatda yayılan 170 milyon dollarlıq varidatla bağlı rəqəmin hansı mənbəyə istinad etdiyini dəqiq demək çətindir. Lakin Azərbaycanda kiminlə danışsanız, çoxu bu məbləğin əslində real rəqəmlə müqayisədə az olduğunu deyəcək. Çünki məlumdur ki, AZAL-ın həmin illər ərzində ciddi maliyyə dövriyyələri olub. Gömrük buraxılış məntəqələrindən tutmuş bilet satışı və digər xidmət sahələrində böyük məbləğlər dövr edib. Bu səbəbdən sabiq sədrin təkcə yerli deyil, müxtəlif ölkələrdəki banklarda da əhəmiyyətli vəsaitlərə sahib olduğu ehtimal edilir. Əgər bu günə qədər onun fəaliyyəti ilə bağlı hər hansı istintaq başlanmayıbsa, böyük ehtimalla bundan sonra da araşdırma aparılmayacaq. Çünki o artıq uzun müddətdir ki, AZAL rəhbərliyindən uzaqlaşdırılıb”.
Bu xəbərin yayılmasının ardından Cahangir Əsgərovun sərvətinin qalan hissəsi də milliləşdirilə, dövlətin nəfinə keçirilə bilər. Mümkündür ki, onun barəsində məlumat mediaya bu məqsədlə ötürülüb.