Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Prezidenti İlham Əliyevlə görüşündə AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasına görə məsul şəxslərin cəzalandırılacağını bildirib.
Hadisə ilə bağlı yayılan stenoqramda Hərbi Hava Qüvvələri hərbçilərinin danışığından təyyarənin kim tərəfindən vurulduğu açıq şəkildə görünür. İndi diqqətlər Çeçenistan tərəfə yönəlib — hadisənin bu ölkənin ərazisində baş verməsi Ramzan Kadırov və onun yaxın çevrəsinin məsuliyyətini gündəmə gətirib.
1xeber.media xəbər verir ki,Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Ramzan Kadırovun “Rusiya Qəhrəmanı” adına layiq görülməsindən elə də uzun müddət keçməyib:
“Bununla belə, qeyd etmək lazımdır ki, Putin zərurət yarandıqda, hətta yaxın çevrəsində olan şəxsləri belə asanlıqla qurban verə bilir. Azərbaycanla münasibətlər baxımından bu məsələ, xüsusilə Qroznı hadisəsi fonunda kifayət qədər həssas xarakter daşıyır. Eyni zamanda belə bir yanaşma da mövcuddur ki, Kadırov və onun ətrafının cəzalandırılması məsələsi onun siyasi dönəminin sonuna işarə ola bilər. Hətta bəzi ehtimallara görə, Kadırovun yerinə oğlunun keçməsi də mümkündür. Bu baxımdan,Azərbaycan diqqətini birbaşa Kadırovun üzərində cəmləyərsə, öz məqsədindən aralı düşmüş olacaq. Çünki o, artıq siyasi səhnədən uzaqlaşmaq ərəfəsindədir”.
Ekspert qeyd edib ki, ümumilikdə, proseslərin nəticələrini gözləmək lazımdır:
“Neft amili burada mühüm rol oynayır, çünki enerji bazarındakı vəziyyət Rusiyanı müəyyən qərarlar verməyə məcbur edib. Bu kontekstdə Moskva-Bakı münasibətlərində baş verən dəyişikliklər Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilə bilər. Hazırkı mərhələdə gözləntilər Rusiyanın daha çox müsbət mesajlar verməsi və bu istiqamətdə real addımlar atması ilə bağlıdır ki, bunu Prezident İlham Əliyev də vurğulayıb”.