Əlində böyük hakimiyyət və səlahiyyət olduğu təqdirdə intəhasız sərvət toplamayanlara az rast gəlmək olur.
Əlbəttə, axtarsaq, idealist və zahidanə həyat tərzi keçirən lider taparıq. Ancaq siyahı geniş olmayacaq – bu, şəksizdir.
Əvəzində tarixdə nə qədər desəniz, “dünya mənim” deyən fironlar, ton-ton qızıl-gümüş toplayan hökmdarlar, 1000-dən artıq zövcə, cariyə saxlayan padşahlar, sultanlar, krallar olub.
Barəsində yazılanları tam həqiqət hesab etsək, aydın olur ki, Ramiz Mehdiyev də o cür fironlardan biriymiş. O, hələ dövlətdə birinci şəxs olmayıb, de-yure dördüncü, de-fakto ikinci böyük vəzifəni tutub. Amma varidatı barədə açıqlanan bilgilərdə söhbət yeddi 0-lıq sərvətdən gedir. İlk rəqəmi isə qoy hüquq-mühafizə orqanları müəyyən etsin – 5-dirmi, 10-durmu…
Onun ev dustağı edilməsi barədə ilk xəbərin yayılmasından iki gün sonra mediada akademikin daşınmaz əmlaklarının bir qisminin siyahısı dərc olunmuşdu. Heyrətamiz idi. Əsas da ona görə ki, yəni pis-yaxşı fəlsəfə elmindən xəbərdar olan bir ahıl adam “dünya malının dünyada qalacağı” barədə heçmi təsəvvürə malik olmayıb?
İnsanın neçə evi, villası, iqamətgahı, bağı, torpaq sahəsi olar? Sonucda iki metr uzunu, bir metr eni və metryarım dərinliyi olan son mənzilə sığan insan bu qədər var-dövlət yığıb nə edə bilər?
Söhbətin belə yerində adətən deyirlər ki, adam sərvəti özündən ötrü yığmır, züryətləri üçün yığır, nə bilim, dar gün üçün toplayır, filan-bəsməkan.
Bu da havayı söhbətdir. Azərbaycan kimi ölkələrdə (100-dən artıq) acgözlüklə, irin-qanla, cinayət yoluyla toplanmış varidat nə adamın özünün dar gününə qalır, nə da nəvə-nəticəsinə qismət olur. Axırda yadlara çatır və adamın o sərvəti toplamaq üçün çəkdiyi zəhmət hədər gedir, qazandığı isə ah-nalə və əsrlərcə davam edən lənət olur.
Bu xüsusda yüzlərlə nümunə gətirmək olar. Milyonçuların dilənçi gününə düşmüş nəvələri haqqında söhbətlər əfsanə-filan deyil.
Budur, Mehdiyevə məxsus olduğu deyilən dəbdəbəli avtomobillərin siyahısı yayılıb. Bəlkə də siyahı tam deyil, bəlkə də bir az şişirdilib. Ancaq lüks avtomobillərin bütün göstəricilərinin və qiymətlərinin dəqiq göstərildiyi siyahının mötəbərliyinə şübhə etmək üçün əsas da yoxdur. Hiss olunur ki, siyahını işi bilən adamlar tərtib ediblər.
Mehdiyevin avtomobil parkında markası, modeli göstərilən avtomobillərin cəmi biri ucuzdur – 65 min manat. Əksəriyyəti “Mersedes-Bents” korporasiyasının ən lüks məhsulları olan avtomobillərin qiyməti 200 min manatdan başlayır. 400 min və 540 min manata olanı da var. Cəmi 11 avtomobildir.
Topasının qiyməti 3 milyon manata yaxın olan bu avtomobillərin hansı pullarla əldə edildiyi məsələsini qırağa qoyaq. Zatən, bunu hamı bilir. Bu qədər varidat maasla, halal biznes fəaliyyəti ilə başa gələn şey deyil. Biz ona diqqət edək ki, bir insan paralel olaraq 11 lüks avtomobilə necə ehtiyac duyur.
Bu da yığım vasitəsidirmi? Qızılı, brilyantı, daşınmaz əmlakları başa düşdük – dar gün üçündür. Bəs bu qədər avtomobil tədarük etmək hansı zərurətdən doğur? Bunlar, güman ki, müəllimin “əsər”lərinin qonorarı ilə alınmayıb. Hədiyyəyə oxşayır. Kimlərsə alıb, öz işlərinin xətrinə bağışlayıblar. O da alıb, çoxsaylı mülklərindəki qarajlarda park edib.
İndi nə olacaq o qədər sərvətin axırı? Ya müsadirə olunacaq, ya da dəyər-dəyməzinə satlığa qoyulacaq. Hərçənd bir qismi “dədə mirası” kimi züryətlərə də qala bilər.
Məşhur norveçli səyyah Tur Heyerdalın başına gəlmiş olduğu iddia edilən bir pritça var. Deyirlər, adamyeyənlər qəbiləsində qonaq olan Heyerdal dünyadan təcrid olunmuş, tarixdən xəbərsiz tayfanın başçısına II dünya müharibəsində 50 milyon insanın öldürüldüyündən danışır. Qəbilə lideri təəccüblənir, deyir: “O qədər adamı yeməyəcəkdinizsə, niyə öldürürdünüz? Vəhşisiniz...”.
İndi onun sözü olmasın, o qədər imarətlərdə yaşamayacaqdınızsa, o qədər avtomobili sürməyəcəkdinizsə, niyə alırdınız?
Filosof olan kəs marksizmin əsas prinsiplərini bilirdisə, maddi nemətlərin bərabər bölünməməsinin sosial ədalətsizlik olduğunu da bilməliydi.
Xalid kazımlı