Akademik əgər 3-4 il öncə “uspet” edə bilsəydi…
Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev hazırda cinayət məsuliyyətinə cəlb olunmuş, dövlət çevrilişinə cəhd, vətənə xəyanət və külli miqdarda vəsaitlərin leqallaşdırılması ittihamları ilə Səbail Rayon Məhkəməsinin qərarı ilə istintaq altındadır.
87 yaşlı Mehdiyevin səhhətində ciddi problemlər olduğu bildirilir.
Əslində, bu hadisələr olmasaydı, bu gün oxuduğunuz başlıq – “Ramiz Mehdiyev Fəxri xiyabanda dəfn olunacaq” – tamamilə fərqli mənada xəbər lentlərini bəzəyəcəkdi.
Təsəvvür edin ki, bu hadisələr baş verməyib, Ramiz Mehdiyev dünyasını dəyişib və dövlət televiziyaları “xalqın görkəmli alimi”, “böyük dövlət xadimi” tonunda nekroloqlar oxuyur, akademiyanın qarşısında portreti asılır, tabutu ətrafında şüarvari təriflər səslənir, vəzifə sahibləri fəxri qaravulda dayanır, mikrofonlara tərifli xatirələr danışırdılar…Lakin tarix bəzən ironiyanı sevər.
Ramiz Mehdiyev o vaxtlar – 2019-cu ildə Prezident Administrasiyasından “hörmət və ehtiramla”, orden-medallarla yola salınarkən, hələ heç kim düşünmürdü ki, bir neçə il sonra o, hakimiyyətə qarşı qurulan planlarda, çirkli pulların yuyulmasında və dövlətə xəyanətdə ittiham ediləcək.
Əgər Mehdiyev 2019-2022-ci illər arasında – Elmlər Akademiyasına rəhbərlik etdiyi “son şərəfli dövrdə” – vəfat etsəydi, tabutun üstünə bəzəkli çələnglər düzülər, “xalq üçün çox işlər görmüşdü” – deyə pafoslu çıxışlar edilərdi.
Amma vaxt onun xeyrinə işləmədi. İndi isə akademik ev dustağıdır və barəsində ifadələr verilir, ən yaxın adamları haqqında mediada söyüş söyür, tənqidlər səsləndirirlər.
Bəli, Ramiz Mehdiyev Fəxri xiyabanda dəfn olunacaqdı, amma sadəcə “3 il öncə “uspet” etsəydi…”
Mehdiyev, əslində, çoxdan ölüb, sadəcə özünə demirlər…
Musavat.com
















