Birinci Qarabağ müharibəsinin itkin şəhidi Elçin Balaxan oğlu Quliyev oktyabrın 30-da paytaxtın Suraxanı rayonu ərazisində yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn olunub.
1xeber.media xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.
İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.
Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.
Şəhidin böyük qardaşı Ramiz Quliyev Elçin haqqında təəssüratlarını bölüşüb. O bildirib ki, qardaşı Bakı şəhərində, Balaxanı qəsəbəsində anadan olub. O, 1977-ci ildən ailəsi ilə birlikdə Xankəndində yaşayıb. Orta təhsilini Xankəndində yerləşən 4 nömrəli Nizami Gəncəvi adına məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra Sovet Ordusu sıralarında hərbi xidmətə yollanıb. Xidmətinin bir hissəsini Leninqradda (indiki Sankt-Peterburq), sonra isə Kubada keçib. Hərbi xidməti başa vurduqdan sonra Vətənə qayıdıb. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı başladığı təcavüz zamanı Elçin də ön cəbhəyə yollanaraq, Vətənin müdafiəsinə qalxan könüllülərin sırasında olub. O, Xocalı istiqamətində gedən döyüşlərdə Əlif Hacıyev və Aqil Quliyev kimi igidlərin rəhbərlik etdiyi dəstədə vuruşub. “Qardaşım 1992-ci ilin fevral ayında, Xocalı faciəsindən bir neçə gün əvvəl, təxminən fevralın 23-24-də gedən ağır döyüşlərdə yaralanıb. Yaralı vəziyyətdə olmasına baxmayaraq, onu döyüş mövqeyindən çıxarmaq istəyəndə Elçin belə deyib: “Məni deyil, qadınları və mülki insanları çıxarın. Mən burada qalacağam”. Bu sözlər onun Vətənə, xalqına olan sədaqətinin, əsl qəhrəmanlıq nümunəsinin göstəricisidir. O həmin döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun qəhrəmanlığı silahdaşlarının, ailə üzvlərinin qəlbində silinməz iz qoyub. Elçin öz həyatını xalqı üçün fəda edib. Biz onunla fəxr edirik”, - deyə Ramiz Quliyev diqqətə çatdırıb.
İtkin şəhidin digər qardaşı Azər Quliyev və Elçinin həyat yoldaşı Nailə Quliyeva da onunla bağlı xatirələrindən danışıblar. Qeyd olunub ki, Elçin Quliyev kimi qəhrəmanların xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayır. Onun göstərdiyi igidlik Vətən uğrunda canını fəda edən bütün şəhidlərimizin simasında əbədiləşib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Elçin Quliyev 1965-ci il oktyabrın 15-də anadan olub. O, 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşüb. Elçin Quliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilərək bu gün dəfn olunan dörd şəhiddən biridir (AZƏRTAC)


















