Nəinki indiki cavanlar, heç gününü görmüş qocalar da bilməz, ötən əsrin 30-cu illərində Cəbrayıl rayonunda bir kəndlini Yaponiya casusu kimi şərləyib Sibirə, Yaponiyaya yaxın yerlərə göndəriblər.
Bunu 35+ il öncə akademik Ziya Bünyadıov arxivlərdə apardığı araşdırmaların nəticəsində yazmışdı. Rəhmətliyin məqaləsində təkcə bu fakt deyildi, xeyli sayda başqa şərlənənlərdən də bəhs olunurdu, biri də bu uzaq getdiyi yer Qaryagin və Zəngilan olan cəbrayıllı kişiydi.
Bəs Yaponiya adlı dövlətin harada olduğunu bilməyən kəndli babanı nədən belə şərləyiblər? Heç nə. Həmin vaxt Yaponiya nəsə bir aqressiv qələt qarışdırıb, nəticədə Moskvada və digər yerlərdə “yapon casusları” tutulub, bu ittiham dəbə mindiyi üçün yerli çuğullar və “enkevedeşnik”lər cəbrayıllı zəhmətkeşi şərləməkdən ötrü dağa-daşa düşməyiblər.
İndi baxıram, “mehdiyevçilik” ittihamı dəbə minib. Bu saat kimin kimdən xoşu gəlmir, yaxud da keçmişdə aralarında söz-söhbət olubsa, deyir, filankəs Mehdiyevin adamıdır.
İH başçıları heç, Mehdiyevin vaxtında bu vəzifəyə təyin olunanların hamısına bu ittiham yaraşır – xançala gümüş kimi. Nə də olmasa, təyinat ərəfəsində onlar Mehdiyevlə görüşürdülər, “xeyir-dua”, təlimat alırdılar, yaxşı işləyəcəklərinə dair söz verirdilər, masasının üstünə “yol xəritəsi” qoyurdular və s.
Bu baxımdan rayon başçılarını “Mehdiyevin adamı” çıxarmaq asandır. (Hazırda bu işlə ciddi səylə məşğul olanlar var). Özlərindən soruşsaq, ələbəttə, danacaqlar, deyəcəklər biz hər zaman dövlətçiliyə sadiq olmuşuq, partiya və hökumətin qarşımıza qoyduğu vəzifələri layiqincə yerinə yetirmişik.
Amma xalq bilir ki, onlar var-dövlətçiliyə sadiq olublar, buna qandallanan başçıların açıqlanan varidatına baxanda qəti əminlik yaranır. Namxuda, milyonçu olmayanı yoxdur.
Bu heç. Olan şeydir. Yuli Sezarın vaxtında da belə olub: dövlət vəzifəsi tutanlar həmişə dar günlərini düşünüblər – sadəcə, bəziləri dar ağacına çəkilib, çoxu isə yığdığını gen-bol xərcləyib.
Əsas mövzumuz budur ki, rəqibləri, düşmənləri sıradan çıxarmaq üçün yeni “şərləmə epiteti” tapılıb – “mehdiyevçilik”.
Əmin edirəm ki, bu saat hansısa qəbristanlıqda ölüyə yasin surəsi oxutmaq üstündə intriqaya girən mollalar bir-birini “Mehdiyevin adamı” olmaqda ittiham edir.
Yaxud, vaxtilə Mehdiyevin villalarından birində işləmiş ustalar məsləhətləşir ki, gedib bu iş onlara gördürən iş icraçısından əlavə pul tələb etsinlər, yoxsa qəzetə çıxıb deyəcəklər ki, Mehdiyevin adamı ustaların pulunu kəsib.
Vaxtilə Mehdiyev üçün məqalə və kitab yazan alimlər indi işlədikləri yerdə qorxa-qorxa gəzirlər, bilirlər ki, iş yoldaşları onları hər dəqiqə “Mehdiyevin adamı” olmaqda ittiham edə bilərlər.
Pandemiya vaxtı Mehdiyevin nəvəsinin sanksiyalaşdırılmamış toyunda iştirak edən vəzifəli şəxslərin ürəyi hazırda jim-jim edir ki, onları “Dövlət Şurası”nın 50 üzvündən biri hesab edəcəklər və biabırçılıq olacaq. Heç kim sorğu-suala çəkilmək istəmir: “Axırıncı dəfə akademiklə nə vaxt görüşmüşünüz?”; “Tez-tez zəngləşirdiniz?”; “Nə kimi mövzularda müzakirələriniz olub?”; “Onun planlarından xəbərdar idinizmi?” və s. Çətin suallardır. Xüsusilə də görüş və zəngləşmə olubsa...
Amma bunlar yuxarılara aid söhbətlərdir, orta və aşağı ranqların adamlarına hələlik bir söz deyən yoxdur. İntəhası, onlar da narahatdır. Çünki bədxahları var və orda-burda adlarını “mehdiyevçilik”də hallandırırlar.
Bildiyimiz repressiya illərində “trotskçilərin ifşa edilməsi” təşəbbüsü yuxarılardan gəlmişdisə, hazırda müvafiq təşəbbüs aşağılardan qaynaqlanır. Yaxşı ki, hökumət bir-birini “mehdiyevçi” olmaqda suçlayanların ifadələrini ciddiyə almır, yoxsa, vallahi, Bakı-Şirvan zonasında başıpapaqlı qalmazdı, hamısını dolaşdırıb basarlar içəri.
O gün dostlardan biri Feysbukda yazmışdı ki, adam ölkədən çıxmağa qorxur, deyəcəklər, Mehdiyevin adamıydı, ölkədən qaçdı. İstədim ona yazam ki, qəti qorxusu yoxdur, sən də iki gündən sonra qayıdıb gələrsən, iddialar təkzib edilmiş olar.
Amma sonra fikirləşdim ki, yox, nə bilmək olar, birdən adam gedər, qayıdıb gələndə nəyə görəsə tutarlar, baiskar olaram. Bu saat parkinq üstündə qonşusuna şillə vuran adam saxlananda da hamı elə bilir ki, onu “Mehdiyev işi”nə görə tutublar.
Bir az dolaşıq zamandır, cəncəl işlərdir.
Samir Sarı
Musavat.com

















