Azərbaycan regionda həyata keçirilən beynəlxalq nəqliyyat layihələrinin mühüm iştirakçısı və təşəbbüskarıdır. Son illərdə ölkəmiz nəqliyyat diplomatiyasını milli maraqlarla uzlaşdıraraq həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətində mühüm tranzit mərkəzinə çevrilməkdədir. Bu, təkcə iqtisadi deyil, həm də siyasi baxımdan Azərbaycanın artan geostrateji əhəmiyyətini nümayiş etdirir. Xüsusilə Şimal-Cənub Nəqliyyat Dəhlizinin (ŞCND) reallaşması istiqamətində atılan addımlar regionun gələcək nəqliyyat xəritəsini formalaşdırır. Bu layihə, eyni zamanda, qlobal güclərin maraq dairəsindədir. Xüsusilə Hindistanın dəhlizə olan diqqəti onun Avrasiya bazarlarına çıxışla bağlı strateji məqsədlərindən xəbər verir. Lakin burada siyasi və təhlükəsizlik aspektləri də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın dövlət maraqları, regional tərəfdaşlıq formatları və mövcud geosiyasi münasibətlər sistemi Hindistanın bu layihədə iştirakı məsələsini bir qədər mürəkkəbləşdirir.
Mövzu ilə bağlı 1xeber.media-a açıqlama verən rusiyalı politoloq Vitali Arkov Hindistanın Ermənistana silah tədarükünü Azərbaycanın Pakistanla hərbi sahədə artan əməkdaşlığına verilən cavab kimi qiymətləndirərək deyib: “Nyu-Dehli ilə İrəvan arasında əlaqələrin intensivləşməsi Hindistanın postsovet məkanında və bütövlükdə Avropa istiqamətində genişlənən fəaliyyətinin tərkib hissəsidir”.
Arkov bildirib ki, hər iki ölkə - Hindistan və Çin Rusiya və Braziliya ilə birlikdə BRİKS-in əsasını qoyan dövlətlərdir və bu gün də birgə şəkildə qurum qarşısında duran vəzifələrin həllinə çalışırlar. Lakin buna baxmayaraq, Hindistan və Çin arasında rəqabət kifayət qədər kəskindir. Təəssüf ki, bu rəqabətə bəzən digər beynəlxalq oyunçular da cəlb olunur.
“Bu amil nəzərə alınaraq, Çin və Hindistan tərəfindən təşviq olunan iri nəqliyyat-logistika layihələrinin iştirakçılarına siyasi balanslaşdırma baxımından böyük ustalıq nümayiş etdirmək lazım gəlir. Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin həm Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz), həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində iştirakı rasional və uzaqgörən addımdır. Bu region dövlətlərinin coğrafi mövqeyi və artan dünya ticarəti həcmləri onlara müxtəlif nəqliyyat layihələrində iştirak üçün əlverişli imkanlar yaradır”, - deyə politoloq vurğulayıb.
O hesab edir ki, Bakı ilə Nyu-Dehli arasında mövcud fikir fərqlilikləri prinsipial xarakter daşımır və birbaşa dialoq vasitəsilə həll oluna bilər. “Bu məqsədlə BRIKS platformasından da istifadə mümkündür. Qrupda üzvlük üçün Azərbaycan artıq müraciət təqdim edib. 2026-cı ildə təşkilata sədrlik Hindistana keçəcək. Əminəm ki, Bakı və Nyu-Dehlinin konstruktiv dialoqa keçidinə Rusiya və İran da səmimi şəkildə dəstək göstərəcək. Çünki Moskva və Tehran Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafında, eləcə də Azərbaycanın BRIKS kimi sürətlə inkişaf edən iqtisadi birliklə əməkdaşlığında birbaşa maraqlıdır”, - deyə rusiyalı politoloq Vitali Arkov bildirib.

















