Paytaxtda üç nəfərin ölümü ilə nəticələnən faciə digər binalarda yoxlamaları zəruri edir
Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında ötən həftə baş verən dəhşətli yanğın ölkəni silkələdi. Faciə zamanı binanın komendantı, 1983-cü il təvəllüdlü Samir Məmmədov, 7 yaşlı Arzu Qənbərli və Bakı Milli Geyim Evinin rəhbəri, 48 yaşlı Könül Vəlibəyli həlak oldu. Könül xanımın qızı Ləmanın vəziyyəti isə ağırdır. Ümumilikdə 27 nəfər tüstüdən zəhərlənib. Yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən 4 nəfər könüllü olaraq özəl tibb müəssisələrinin birinə, 1 nəfər isə Yeni Klinikaya təxliyə edilib.
Musavat.com-un əməkdaşı hadisə yerində olarkən sakinlər bildiriblər ki, yanğına səbəb olan “Loft” restoranı uzun müddətdir binanın zirzəmisində manqal yandırır, kabab çəkir, təhlükəsizlik qaydalarını isə kobud şəkildə pozurmuş. Yanğın olan binanın sakinləri arasında jurnalist Heydər Mirzə də olub. Yanğın anından video paylaşan jurnalist mənzilə hər dəlikdən tüstü daxil olduğunu, 4-cü mərtəbəyə qədər düşə bildiklərini, lakin yenidən çətinliklə evə qayıtmaq məcburiyyətində qaldıqlarını söyləyib. “Alovdan ölmək tüstüdən ölməkdən yaxşı imiş... Pişiklər də hərəsi bir tərəfdə gizlənib, bilmirəm haradadılar”, - deyə H.Mirzə bildirib.
Bundan başqa, o, yanğına görə binanın altında yerləşən “Loft” restoranını ittiham edib. Jurnalist güclü tüstü ilə müşayiət edilən hadisəyə restoranın səbəb olduğunu iddia edib. Onun sözlərinə görə, hadisə vaxtı yanğın olmayıb, binanın şaxtasından güclü tüstü yayılıb və tikilinin dəhlizlərini bürüyüb.
Sakinlərin sözlərinə görə, binanın zirzəmisində uzun müddətdir fəaliyyət göstərən “Loft” restoranı elektrik xəttini həddindən artıq yükləyirmiş: “Hibrid maşınları "zaryatka"ya qoyurdular, naqillər tab gətirmədi," - deyə bir sakin bildirib. Onların iddiasına görə, restoranın elektrik sisteminə müdaxiləsi, naqillərin normadan artıq yüklənməsi və cihazların izinsiz istifadəsi binanın təhlükəsizliyini çoxdan şübhə altına almışdı.
Sakinlərin sözlərinə görə, restoran fəaliyyətə başlayandan sonra binada işıq, su, qaz fasilələrlə kəsilib. Narazılıqlarını aidiyyəti qurumlara çatdırsalar da, nəticə olmayıb. “Texniki işçimizi döymüşdülər. Şikayət etdikcə daha da hədələnirdik,” - deyə onlar bildirir. Hazırda binaya nə qaz, nə elektrik, nə də su verilir. İnsanlar öz evlərini tərk etməyə məcbur olublar.
Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb. Qurum bildirib ki, yanğının səbəblərinin müəyyənləşdirilməsi üçün istintaq aparılır, ekspertizalar təyin olunub və cinayət işi başlanıb. Ən son məlumata görə, yanğınla bağlı həmin binanın zirzəmisində yerləşən klinikanın direktoru cinayət məsuliyyətinə cəlb edilib. Binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürmüş “Loft Dent” klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.
Yanğın zamanı təxliyə qapısının bağlı olması haqda iddialara FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev cavab olaraq bildirib ki, həmin qapı müvafiq texniki sənədlərdə qeyri-yaşayış sahəsinə aid təsbit olunub: “Qanunla da qeyri-yaşayış sahələri yaşayış sahələrindən təcrid olunmalıdır. Yəni həmin qapı təxliyə qapısı hesab olunmur. Qapının bağlı olması da tikinti normalarının tələbini formalaşdırır”.
Xidmət rəsmisi baş vermiş faciə ilə bağlı irəli sürülən digər iddiaya, quraşdırılmış elektrik şarj aparatları ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, FHN bu avadanlıqların quraşdırılmasına rəy və icazə verən orqan deyil.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədr müavini, tanınmış memar Elçin Əliyev daha bir məqama diqqət çəkib. O bildirib ki, güclü yanğın zamanı yanğınsöndürənlər və təcili yardım maşınları yenə də hadisə yerinə daxil ola bilməyiblər və qonşu küçələrdə dayandırılmağa məcbur olublar: “Bəs bu niyə baş verir? Səbəb odur ki, bina əvvəllər uşaqlar üçün meydançalar və istirahət zonaları nəzərdə tutulmuş kvartalın daxili həyətlərində tikilib. Sovet dövründə binalar arasında geniş həyətlər, idman və uşaqlar üçün meydançalar var idi və hər növ nəqliyyat - təcili yardım maşınlarından iri yanğınsöndürən texnikaya qədər - rahatlıqla daxil ola bilirdi.
Bu şəhərsalma normaları sovet dövründə hazırlanmışdı və müstəqillik qazandıqdan sonra ləğv edilməmişdi. Lakin tikinti icazələrinin verilməsi sistemində baş verən dəhşətli korrupsiya nəticəsində, dünən yanğın baş verən 18 mərtəbəli bina beşmərtəbəli binaların arasındakı kiçik həyətin tam mərkəzində inşa olunub.
Hüquq-mühafizə orqanları ilk növbədə bunu araşdırmalıdırlar: Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin hansı məmuru orada olmamalı olan yerdə tikintiyə icazə verib?"
Maraqlıdır ki, bir gün sonra eyni rayonun başqa bir çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb. Bəs yaşayış binalarının zirzəmisində və ya 1-ci mərtəbəsində hansı iaşə obyektlərinin fəaliyyəti qəti qadağandır? Faciə ilə bağlı digər binalarda yoxlamalar aparılacaqmı? Nə etməli ki, belə faciələr təkrarlanmasın?
Sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, binalarda yerləşən ictimai iaşə obyektləri mütləq təhlükəsizlik qaydalarına əməl etməlidirlər: “İlk olaraq deyim ki, yaşayış binasında yerləşən obyekt səs-küy yaradıb sakinləri narahat etməməlidir. Bundan əvvəl isə ictimai təhlükəsizlik və ekoloji baxımdan sağlamlığa zərər verməməlidir. Əgər bir binanın zirzəmisində hər hansı obyekt yerləşirsə, o, ictimai asayişi pozmamalıdır. Əfsuslar olsun ki, Bakıda bir çox binalarda yerləşən ictimai iaşə obyektləri yüksək səs kirliliyi ilə sakinləri narahat edir. Səs-küy yaradan, sağlamlığa ziyan vuran obyektlərin yaşayış binalarının daxilində yerləşməsi yolverilməzdir. Əgər bir ictimai iaşə obyekti təhlükəsizlik qaydalarına cavab verirsə və sakinləri narahat etmirsə, bununla bağlı xidmət sahələri ola bilər. Bəzən yaşayış binalarında yerləşən restoranlardan çıxan tüstü, qoxu birbaşa evlərə dolur və insanları narahat edir. İnsanlar restoranlardan gələn səs-küyə və qoxuya görə mənzillərinin pəncərəsini aça bilmirlər. Burada qaz və işıqla bağlı təhlükəni də nəzərə almaq lazımdır. Fövqəladə Hallar Nazirliyi binalarda yerləşən obyektlərlə bağlı ayrıca monitorinqlər keçirməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu işdə fəal olmalıdır. Yaşayış yerlərinin ekomühitinə restoranların təsiri azaldılmalıdır”.

















