Dekabrın 7-də Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxslərinin işi üzrə məhkəmə başa çatıb. 143 milyon manatlıq mənimsəmə işi üzrə Nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov 11 il 6 ay azadlıqdan məhrum edilib.
1xeber.media Modern.az-a istinadən xəbər verir ki, məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi üçün Nizami Məmmədov general rütbəsindən məhrum edilə bilər.
Belə ki, bundan əvvəl Azərbaycanda bir neçə general həbs olunduğu üçün bu rütbədən məhrum edilib. Sonuncu dəfə Prezidentin sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və "Vətən uğrunda" medalından məhrum olunub. Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov, ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları Akif Çovdarov və Mövlam Şixəliyev də eyni aqibətlə üzləşiblər.
Qeyd edək ki, Nizami Məmmədov Biləsuvar rayonunda anadan olub. O, 2018-ci ildə "Vətən uğrunda", 2020-ci ildə "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
O, uzun illər Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrində xidmət edib və 25 iyun 2020-ci ildə ona "general-mayor" ali hərbi rütbəsi verilib.