22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günüdür
Noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür.
1xeber.media xəbər verir ki,Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur.
Müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndərimiz Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə 1918–ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün — 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.
Ədliyyə sistemi hər bir dövlətin, xüsusən də demokratik–hüquqi cəmiyyətin aparıcı qüvvəsidir. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan Respublikasının ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır.
Azərbaycan ədliyyəsinin şanlı tarixi məhz Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlıdır. O dövrdə hüquq sisteminin fəaliyyətinə böyük əhəmiyyət verilərək Ədliyyə Nazirliyi ölkənin yaradılması ilə bir gündə - 1918-ci il may ayının 28-də təsis edildi və Xəlil bəy Xasməmmədov ilk Ədliyyə naziri təyin olundu. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti məhkəmə təsisatının yaradılmasına da xüsusi qayğı ilə yanaşırdı. Cümhuriyyət yaradıcılarının fikrincə, hüquqi dövlətin varlığı, həm də müstəqil məhkəmə təsisatının mövcudluğu ilə bağlı idi.
Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra 1920-ci il mayın 13-də Ədliyyə Nazirliyi ləğv edilmiş və əvəzində Xalq Ədliyyə Komissarlığı qurulmuşdur.
Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilmiş, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır. Həmin təcrübə Azərbaycanda müstəqilliyin ilk illərində ədliyyə sisteminin gələcək inkişafını qura bilmək üçün əsas baza rolunu oynamışdır.
Azərbaycan ədliyyəsi ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da Ulu Öndər Heydər Əliyevin diqqətindən kənarda qalmamış, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmiş, nazirliyin səlahiyyətləri genişlənmiş, cəmiyyətdə rolu artmışdır.
Həyata keçirilən məhkəmə–hüquq islahatlarının başlıca məqsədi Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi olmuşdur.
Ulu Öndər Heydər Əliyevin xarici siyasət strategiyası Ədliyyə Nazirliyinin də beynəlxalq əlaqələrinin güclənməsini şərtləndirdi, beynəlxalq hüquqi yardımın müxtəlif sahələri üzrə ikitərəfli formatda əməkdaşlığın əsasını qoydu. Beynəlxalq hüquq əməkdaşlığı sahəsində həyata keçirilən ardıcıl tədbirlər ədliyyə fəaliyyətinin təkmilləşdirilməsində mühüm rol oynadı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı dövrdən qanunçuluğa, hüququn aliliyinə həssaslıqla yanaşmış, ədliyyə sistemində islahatların reallaşdırılmasına mühüm önəm vermişdir. Dövlət başçısı tərəfindən ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə mühüm qərarlar qəbul olunmuş, ədliyyə fəaliyyətinin mükəmməl normativ–hüquqi bazası yaradılmış, ədliyyə işi beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılmış, onun üzərinə yeni mühüm vəzifələr qoyulmuş, gələcək inkişafına dair əhatəli proqramlar qəbul edilmişdir.
26 may və 17 avqust 2006-cı il tarixlərində dövlət başçısı tərəfindən müvafiq Fərmanlar imzalanmaqla "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" və "Ədliyyə orqanlarının inkişafı haqqında" Qanunlar qəbul olunmuşdur. Həyata keçirilmiş islahatlar nəticəsində Ədliyyə orqanlarına qəbul prosesi durmadan inkişaf etdirilmiş və 2006-cı ildən sonra isə ədliyyə orqanlarında xidmətə qəbul prosesi müsabiqə yolu ilə aparılmağa başlanmışdır.
2009-cu il fevralın 6-da təsdiqlənmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” milli ədliyyə sisteminin müasirləşdirilməsi istiqamətində reallaşdırılmış məqsədyönlü və ardıcıl tədbirlər sisteminin uğurlu davamı olmuş, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən orqanların səmərəli fəaliyyətində önəmli rol oynamışdır.
Ölkə başçısının təşəbbüsü ilə yaradılmış və artıq bütün dünyada Azərbaycan brendinə çevrilmiş ASAN xidmət mərkəzlərində Ədliyyə Nazirliyinin notariat və qeydiyyat orqanları da səmərəli fəaliyyət göstərir.
2018-ci ildə, noyabr ayının 22-də Azərbaycan ədliyyəsinin yaranmasının 100 ili tamam olmuşdur. Yubiley ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin peşə bayramı münasibətilə ədliyyə və məhkəmə işçilərinə təbrik məktubu, həmçinin ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə bir qrup ədliyyə işçisi və hakimlərin orden və medallarla təltif olunması, fəxri adlara, ali xüsusi rütbələrə layiq görülməsi dövlət başçısının ədliyyə sisteminə göstərdiyi yüksək diqqət və qayğının əyani təzahürüdür.
Ölkə rəhbərliyinin apardığı uğurlu siyasət, Ordumuzun qəhrəmanlığı sayəsində və şəhidlərimizin qanı bahasına torpaqlarımızın işğaldan azad olunaraq ərazi bütövlüyümüzün təmin edilməsində ədliyyə orqanlarında çalışan işçilərin rolunu xüsusi qeyd etmək olar. Onlar bu şərəfli işdə yüksək fədakarlıq göstərərək, Vətən Müharibəsi başlanan gündən sonadək böyük şücaət göstərmişlər.
İşğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayışın və iqtisadi fəallığın təmin edilməsi, bu ərazilərdə həyata keçirilən quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələnin başlanğıcıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpa olunması, bu orqanların infrastrukturunun yaradılması, onların işinin təşkili üzrə zəruri tədbirlərin görülməsi qarşıda duran mühüm vəzifələrdəndir.
Ümummilli lider Heydər Əliyevin bəxş etdiyi peşə bayramını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və Ordumuzun rəşadəti sayəsində bu gün qalib ölkənin vətəndaşları kimi Qələbə əhvali-ruhiyyəsində qeyd etməyə hazırlaşan ədliyyə işçiləri dövlətimizin daha sürətli inkişafı və qüdrətinin artırılması naminə əzmlə çalışırlar.
1xeber.media adından Ədliyyə sistemində çalışan bütün əməkdaşları təbrik edir,işlərində uğurlar arzulayırıq.