İsrailin Xarici İşlər Nazirliyi rəsmi sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
1xeber.media xəbər verir ki, paylaşımda “Bütün gözlər İranda” ifadəsi yer alıb, vizual materialda isə Şah dövrünə aid İran bayrağından istifadə edilib və ölkə bütöv xəritə şəklində təqdim olunub.
Paylaşım regional və beynəlxalq auditoriyada geniş rezonans doğurub, müxtəlif şərhlərə səbəb olub. Müşahidəçilər Şah dövrünün bayrağının seçilməsini İran daxilində baş verən proseslərə yönəlik simvolik siyasi mesaj kimi dəyərləndirirlər.
Eyni zamanda İranın bütöv xəritə şəklində göstərilməsi rəsmi Tehranın ərazi bütövlüyü məsələsinə həssas yanaşması fonunda paylaşımın məqsədli vizual vurğu daşıdığı ehtimalını gücləndirir. Bu məqam mesajın sırf informasiya xarakteri daşımadığını, siyasi və diplomatik alt mətnə malik ola biləcəyini göstərir.
Hazırkı mərhələdə İsrail Xarici İşlər Nazirliyi paylaşımın məzmunu ilə bağlı əlavə izahat verməyib. Lakin regionda artan gərginlik və İranda davam edən daxili proseslər fonunda bu açıqlama bir çox analitik tərəfindən diplomatik siqnal kimi qiymətləndirilir.

















