Fransanın sağçı “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot Fransa prezidenti Emmanuel Makronun Ukraynaya bir neçə min hərbçi göndərməyə hazır olması ilə bağlı açıqlamalarından sonra onu istefaya çağırıb.
1xeber.media xəbər verir ki, o, bu barədə X sosial media platformasındakı səhifəsində yazıb.
"Makron açıq şəkildə müharibə istəyir! 2027-ci il seçkilərini ləğv etmək? Fransızları qorxu içində saxlamaq? "Avropa ordusu"nun yaradılmasına təkan vermək? Əlbəttə! O zaman onu hakimiyyətdən uzaqlaşdırın!" yazı oxunur.
Filippotun sözlərinə görə, hazırda yalnız Böyük Britaniya öz qoşunlarını Ukraynaya göndərməyi ciddi şəkildə düşünür. Digər ölkələr bunun Rusiya ilə müharibə demək olduğunu başa düşdüyü üçün buna qarşıdırlar.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron sülhün qorunması üçün atəşkəsdən sonra Ukraynaya bir neçə min əsgərin göndərilə biləcəyini təklif edib.
Rusiyalı senator Andrey Klişas Makronun Ukraynaya mümkün qoşun yeridilməsi ilə bağlı fikirlərini şərh edərək, Parisə onları Qrenlandiyaya göndərməyi təklif edib.

















