BŞİH-dəki toplantıda hansı rayonların icra başçılarına töhmət verilməsi mövzusunun “pərdəarxasını” qurdalamaq əvəzinə, Bakı bələdiyyəsinin yaradılmasının vacibliyini gündəmə gətirmək daha faydalı olardı...
Eldar Əzizov Azərbaycanın icra başçıları arasında yəqin ki, ən çox iş stajı olandır. Həm də yeganə məmurdur ki, ölkənin bütün iri şəhərlərində icra başçısı olub, bu faktın özü çox şey deyir.
Yada salaq: 2000-2003-cü illərdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı olduqdan sonra səkkiz il də ölkənin ikinci ən böyük şəhəri Gəncəyə rəhbərlik edib. 2011–2015-ci illərdə nə təsadüfsə, bu dəfə də üçüncü böyük şəhərə- Sumqayıta rəhbərlik də ona tapşırılıb. Sonra isə üç il də Səbayeldə rəhbər olub. Rəsmi sərəncamı 2018-in noyabrında verilsə də, həmin ilin yayından Bakıya rəhbərlik etməkdədir...
Əzizov işlədiyi yerlərdə özünü necə tanıda bilib, o şəhərlərdə yaşayanlar deyə bilər. İslahatçı, daha dəqiqi yenilikçi olmadığı dəqiqdir. Adətən, belə böyük şəhərlərə rəhbərlik edənlər yeniliyə meylli olurlar, məsələn işə piyada gedirlər, ya da arada ictimai nəqliyyatdan da istifadə edirlər. Əzizov o baxımdan heç vaxt fərqlənməyib, amma o da həqiqətdir ki, bu illər ərzində adı ciddi korrupsiya və rüşvət olaylarında hallanmayıb.
İşdən çıxarılandan sonra nə olacaq, indidən demək çətindir. Bəzi iddialara görə, 70 yaşını haqlayan Əzizovun hakimiyyətlə vidalaşmaq vədəsi yetişir. Mediada da iddia vardı ki, guya Nəsiminin yeni icra başçısı onun yerinə gələcək və s. Məlumatlara inansaq, Əzizovu əslində, hələ Sumqayıtdan sonra icra strukturlarından uzaqlaşdırmaq istəyiblər, amma görünür, özü getmək istəməyib, bir az da işləmək möhləti alıb.
BŞİH-də 17 il oturan (2001-2018) Hacıbala Abutalıbovla müqayisədə Əzizov bəlkə də heykəl qoyulmağı haqq edir. Medianın Abutalıbov qədər çox tənqid etdiyi ikinci məmur tapmaq çətin idi. 81 yaşlı Abutalıbovun əməllərini indi yada salan da yoxdur, deyəsən İlisuda villasında yaşayır, qocalığını yola verir...
Bakının icra başçısı postu ölkənin idarəetmə sistemində ən strateji və təsirli vəzifələrdən biri sayılır, hətta siyasi yükü çox olan vəzifədir. Çünki Bakı təkcə paytaxt deyil, ölkənin siyasi, iqtisadi və inzibati mərkəzidir. Dövlət qurumlarının böyük hissəsi burada yerləşir, yəni bütün əsas qərarlar burada verilir. Paytaxta rəhbərlik edən şəxs faktiki olaraq “ölkənin idarəetmə sisteminin mərkəzi nöqtəsinə” də nəzarət edir. Azərbaycan iqtisadiyyatının böyük hissəsinin də Bakıda cəmləşdiyini nəzərə alsaq, mənzərə tam aydın olar.
Bilmirəm, Əzizovun özünün xəbəri varmı, Vikipediyada təqdimatı “siyasətçi” kimi verilir. Mənim üçün yenilik oldu, sən demə, Əzizov 1994-cü ildə iş adamı Mahmud Məmmədov tərəfindən yaradılan Azərbaycan Demokratik Sahibkar Partiyasında(2021-ci ildə YAP-a birləşib) sədrin birinci müavini olub və bir müddət partiyanın sədr əvəzi vəzifəsini yerinə yetirib. YAP-ın son qurultayında İdarə Heyətinin üzvü seçilən Əzizovun partiya fəaliyyətini kənara qoysaq, bu post o halda siyasi məna qazanardı ki, paytaxt bələdiyyəsi (Bakı Böyük Şəhər Bələdiyyəsi) yaradıla, BŞİH dilimizə düşən meriyaya çevrilə və seçkili idarəetmə orqanı olardı.
Bir gün əvvəl BŞİH-dəki toplantıda hansı rayonların icra başçılarına töhmət verilməsi mövzusunun “pərdəarxasını” qurdalamaq əvəzinə, məncə, Bakı bələdiyyəsinin yaradılmasının vacibliyini gündəmə gətirmək daha faydalı olardı.
Azərbaycan qanunvericiliyinə görə paytaxtın idarə olunması xüsusi statusla tənzimlənir. Paytaxt birbaşa mərkəzi hakimiyyətə tabe olan icra strukturu — Bakı Şəhər İcra Hakimiyyəti vasitəsilə idarə olunur. Bu model postsovet idarəçilik sistemindən qalma strukturun davamıdır. Bakıda formal olaraq bələdiyyələr var, lakin onlar şəhər səviyyəsində deyil, rayon və qəsəbə səviyyəsində fəaliyyət göstərirlər. Yəni vahid “Bakı şəhər bələdiyyəsi” institutu mövcud deyil.
Məsələn, İrəvanda da mer seçkisi birbaşa səsvermə ilə keçirilmir, seçicilər Şəhər Şurasının üzvlərini seçirlər və sonra bu Şura mer seçir. Tiflis şəhərində isə mer seçkiləri Gürcüstanda yerli özünüidarəetmə seçkiləri çərçivəsində keçirilir və qanunvericiliyə görə 4 ildən bir baş tutur. İstanbul daxil, Türkiyədə böyük şəhərlərdə də bələdiyyə başqanları seçkili orqanlardır. Rusiyada da belədir. Yəni büdcənin xərclənməsindən tutmuş şəhər nəqliyyatındakı problemlərədək bir nəfərin üzərinə yükləməklə irəliləyiş mümkün deyil.
Eldar Əzizov o seçkili sistemdə işləyə bilərdimi, təcrübəsi onun köməyinə çatardımı, ümumiyyətlə seçici səsi yığardımı, bunu da söyləmək çətindir. Amma dəqiqdir ki, Bakı meri seçilərsə, İmamoğludan fərqi olaraq böyük iddialara heç vaxt düşməzdi.
London və Nyu-York kimi meqapolislərdə məsələn, müsəlmanların rəhbər seçilməsinə sevinirik, amma özümüz Bakı kimi şəhərdə bunu görməzdən gəlirik. Bakıda nəhayət ki, bələdiyyə (meriya) yaratmaq zamanı çoxdan çatıb. Bu hökumətin də, digər məsul strukturların da işini yüngülləşdirərdi. Üstəlik, seçkiləri maraqlı yarışa çevirmək də olardı. İşsiz-gücsüz qalan müxalifət partiyaları da böyük şəhər bələdiyyəsinə düşmək üçün yarışardılar, onlar da bir faydalı işin qulpundan yapışırdılar. Regionun lider dövlətiyiksə, bu işdə də geri qalmamalıyıq. Zatən, gecikmişik..
Nazim Sabiroğlu

















