Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq
Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında
yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri
formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və
mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki
möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək
analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və
tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Müstəqil Azərbaycanın tarixində 1998-ci il sentyabrın 25-də qadınlarının ilk qurultayı
keçirilmiş və bu dövlət qadın siyasətinin tarixində mühüm hadisə olmuşdur. Respublikada
cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim
milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər
müzakirə edilmiş və hər beş ildən bir Azərbaycan qadınlarının qurultayının keçirilməsi
qərara alınmışdır. 1998-ci ildən başlayaraq keçirilən bu qurultaylar dövlət qadın siyasəti
sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.
Dövlət qadın siyasəti sahəsində görülən işlər davamlı xarakter daşımış və Ulu Öndər
Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində “Azərbaycan Respublikasında dövlət
qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalanmışdır. Fərmana əsasən
Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla
qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması təmin edilməsi
tapşırılmışdır. Həmçinin, respublikada qadınların vəziyyətinə dair beynəlxalq standartlara
cavab verən statistik məlumatların hazırlanması barədə tapşırıq verilmişdir. Bu Fərman
bütün dövlət orqanları və digər təşkilatların gender bərabərliyinin təmin edilməsi ilə bağlı
fəaliyyətinin təkmilləşdirilməsinə, həyata keçirdikləri siyasətlərə gender amilinin daxil
edilməsinə imkan verdi. 2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2000-
2005-ci illər üçün “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət
Planı”nı qəbul etmişdir. Milli Fəaliyyət Planı milli prioritetləri nəzərə alaraq, siyasət,
iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, əhatə etmişdir.
Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi
dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində
çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan qadınına hər zaman
xüsusi diqqət və qayğı vardır. 8 Mart - Beynəlxalq Qadınlar Gününün ölkəmizdə rəsmi
bayram günü kimi qeyd olunması və hər il bayram günü ərəfəsində dövlət başçısının 8 mart
– Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlaması,
Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verməsi, digər bir qrupunun isə orden və ya
medallarla təltif edilməsi məhz Azərbaycan qadınına olan xüsusi diqqətin əyani təzahürüdür.
Rəqibə Paşayeva,
H.Z.Tağıyev adına 6 saylı Sabirabad şəhər tam orta məktəbinin Azərbaycan dili və
ədəbiyyat müəllimi

















