Hörmüz boğazına nəzarət edən yeddi İran adası - ABŞ prezidenti Donald Trampın regiona minlərlə hərbi qulluqçu göndərə biləcəyi ilə bağlı xəbərlər fonunda, əsas hədəfin İranın xam neft ixracının 90%-nin keçdiyi Xark adası ola biləcəyi ehtimalları artır.
Lakin Xark adası Fars körfəzindəki onlarla İran adasından yalnız biridir və onlardan bəziləri Hörmüz boğazı vasitəsilə gəmiçiliyə nəzarət etmək üçün daha böyük əhəmiyyət kəsb edə bilər.
Çinin Sun Yat-sen Universitetinin tədqiqatçılarının qeyd etdiyi kimi, yeddi ada İranın "müdafiə qövsü" adlandırıla biləcək bir zəncir formalaşdırır. İranlı tədqiqatçı Enayatollah Yazdani və çinli mütəxəssis Ma Yançje 2022-ci ildə dərc olunmuş məqalələrində bildiriblər ki, bu adaları birləşdirən fərziyyəvi əyri xətt Hörmüz boğazının təhlükəsizliyinə nəzarətdə İranın strateji üstünlüyünü anlamağa kömək edir.
Əbu-Musa, Böyük Tomb və Kiçik Tomb - qövsün qərb hissəsində yerləşən bu yeddi adanın ən kiçikləri boğaza nəzarət üçün həlledici amil hesab olunur. Onlar arasındakı məsafənin məhdud olması və əsasən dayaz olan körfəzdə suyun dərinliyi səbəbindən "iri hərbi gəmilər və tankerlər" məhz bu adaların yanından keçmək məcburiyyətində qalırlar.
Bu coğrafi mövqe sözügedən adaları İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sürətli qayıqları, mina düzən gəmiləri və pilotsuz uçuş aparatları üçün asan hədəfə çevirir. Beləliklə, həmin adalar boğazdakı hərəkətliliyi tam nəzarətdə saxlamaq üçün İranın əlində mühüm strateji rıçaq rolunu oynayır.

















