Mərkəzi Bankın məlumatına əsasən, Azərbaycanda bu il üçün inflyasiya proqnozu artırıla bilər. Əgər proqnozlaşdırılan inflyasiya ilə real göstərici arasında ciddi fərq yaranarsa, bu, bir sıra mənfi nəticələrə səbəb ola bilər. Belə hallarda pulun alıcılıq qabiliyyəti zəifləyir, kredit faizləri yüksəlir, əhalinin gündəlik xərcləri isə artır.
1xeber.media xəbər verir ki,bu sözləri Tribuna.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib. O qeyd edib ki, hər il növbəti dövr üçün statistik göstəricilərə əsasən inflyasiya proqnozu hazırlanır:
“Adətən faktiki inflyasiya bu proqnozdan aşağı olsa da, müəyyən kritik iqtisadi şəraitdə gözləntiləri üstələyə bilər. Mərkəzi Bankın son açıqlaması da məhz bu ehtimalla bağlıdır.
Əgər proqnozlaşdırılan inflyasiya ilə real göstərici arasında ciddi fərq yaranarsa, bu, bir sıra mənfi nəticələrə səbəb ola bilər. Belə hallarda pulun alıcılıq qabiliyyəti zəifləyir, kredit faizləri yüksəlir, əhalinin gündəlik xərcləri isə artır.
Məsələn, əvvəllər 100 manata alınan bir neçə çeşid məhsul inflyasiyanın təsiri ilə artıq 120-130 manata başa gələ bilər. Bu da vətəndaşın büdcəsinə birbaşa təsir göstərir.
Digər vacib məqamlardan biri də kredit faizləridir. Belə vəziyyətlərdə Mərkəzi Bank adətən faiz dərəcələrini artırır. Lakin düşünürəm ki, xüsusilə biznes kreditləri üçün daha aşağı faiz siyasəti tətbiq olunmalıdır. Çünki inflyasiya şəraitində onsuz da pul dəyər itirir, dövriyyə zəifləyir və investorlar yatırım etməkdən çəkinirlər.
Bu səbəbdən iqtisadi standartlara yenidən baxılmalı və daha dayanıqlı yeni iqtisadi model formalaşdırılmalıdır. Ən azı elə mexanizmlər qurulmalıdır ki, vətəndaş inflyasiyanın artımını bu qədər sərt hiss etməsin. Artmayan əməkhaqqı fonunda ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşması artıq ciddi iqtisadi problemə çevrilir”.

















