“AzerGold” QSC şirkət barədə yayılan məlumatlara və 1xeber.media-nın sorğusuna rəsmi münasibət açıqlayıb.
1xeber.media xəbər verir ki, qurumun açıqlamasında müşavir Müşfiq Məmmədlinin vəzifədən uzaqlaşdırılması ilə bağlı səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyi vurğulanıb.
Bildirilib ki, Müşfiq Məmmədli 15 aprel 2026-cı il tarixində təqdim etdiyi ərizə əsasında öz istəyi ilə tutduğu vəzifədən ayrılıb. Qeyd olunub ki, onun əmək münasibətlərinə xitam verilməsi mediada yer alan iddialarla deyil, şəxsi müraciəti ilə əlaqədardır.
“AzerGold” QSC həmçinin satınalma prosesləri ilə bağlı səsləndirilən ittihamlara da cavab verib. Şirkət qeyd edib ki, satınalma fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə və daxili normativ sənədlərə uyğun şəkildə, şəffaflıq, rəqabətlilik, bərabərlik və səmərəlilik prinsipləri əsasında həyata keçirilir.
Açıqlamada vurğulanıb ki, tender prosedurları üzrə qərarlar ayrı-ayrı şəxslər tərəfindən deyil, müvafiq komissiyalar və qiymətləndirmə mexanizmləri vasitəsilə qəbul edilir. Buna görə də hər hansı vəzifəli şəxsin satınalma proseslərinə qanunvericilikdə nəzərdə tutulmayan formada təsir göstərməsi, tender şərtlərinin konkret şirkətlərin maraqlarına uyğun hazırlanması və ya qaliblərin əvvəlcədən müəyyənləşdirilməsi barədə iddialar əsassız hesab olunur.















