Aprelin 15-i görkəmli alim, akademik Zərifə Əliyevanın anım günüdür. Bu tarix elmə sədaqətin, insanlara xidmətin və yüksək mənəvi dəyərlərin təntənəsi kimi dəyərləndirilir. Zərifə xanımın həyatı və fəaliyyəti göstərir ki, əsl alim olmaq yalnız elmi nailiyyətlər qazanmaq deyil, həm də cəmiyyətə fayda vermək, insanlara ümid və şəfa bəxş etməkdir. Onun zəngin elmi irsi və mənəvi dəyərləri bu gün də aktuallığını qoruyur və yeni nəsillər üçün örnək olaraq qalır.
1xeber.media xəbər verir ki, Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdır. Uşaqlıq illərindən elmə və biliyə xüsusi maraq göstərən Zərifə xanım daim öz üzərində işləyərək yüksək nəticələr əldə etmişdir. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olması onun həyatında mühüm dönüş nöqtəsi olmuşdur. O, 1947-ci ildə ali təhsilini əla qiymətlərlə başa vurmuşdur.
Görkəmli alimin elmi fəaliyyətinin əsas istiqaməti oftalmologiya sahəsi olmuşdur. 1949-cu ildən Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda fəaliyyətə başlayan Zərifə Əliyeva qısa müddətdə bu sahədə özünü istedadlı və perspektivli alim kimi təsdiq etmişdir. O, yalnız nəzəri biliklərlə kifayətlənməyərək praktik həkim kimi də fəaliyyət göstərmiş, xəstələrin müalicəsində birbaşa iştirak etmişdir. Onun apardığı tədqiqatlar traxoma və qlaukoma kimi geniş yayılmış, ağır nəticələrə səbəb olan xəstəliklərin öyrənilməsi və müalicəsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.
XX əsrin ortalarında geniş yayılan və minlərlə insanın görmə qabiliyyətini itirməsinə səbəb olan traxoma xəstəliyinə qarşı mübarizədə Zərifə xanımın misilsiz xidmətləri olmuşdur. O, bölgələrə səfərlər etmiş, xəstəliyin daha çox yayıldığı ərazilərdə birbaşa profilaktik və müalicə tədbirləri həyata keçirmişdir. Həkimlər üçün seminarlar təşkil etmiş, maarifləndirici çıxışlar etmiş və bu sahədə sistemli yanaşmanın formalaşmasına nail olmuşdur. Onun tətbiq etdiyi müalicə üsulları nəticəsində traxoma ilə mübarizə daha effektiv xarakter almış və bu xəstəliyin aradan qaldırılmasında mühüm dönüş yaranmışdır.
Zərifə Əliyeva oftalmologiya sahəsində çoxsaylı elmi əsərlərin müəllifi olmuş, 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Onun bir sıra elmi tədqiqatları sənaye sahəsində çalışan insanların görmə orqanlarının vəziyyətinin öyrənilməsinə həsr olunmuş və bu istiqamətdə yeni elmi yanaşmaların formalaşmasına səbəb olmuşdur. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi isə alimin elmi fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsidir. Zərifə xanım, eyni zamanda bu ada layiq görülən ilk qadın oftalmoloq kimi tarixə düşmüşdür.
Alimin elmi irsi olduqca zəngindir, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi olmuşdur. “Terapevtik oftalmologiya” kimi fundamental əsərləri bu gün də oftalmoloqlar üçün mühüm elmi mənbə hesab olunur. Bununla yanaşı, Zərifə xanım pedaqoji fəaliyyətlə də yaxından məşğul olmuş, gənc həkimlərin yetişməsində mühüm rol oynamışdır. Onun rəhbərliyi ilə formalaşan mütəxəssislər bu gün də tibb sahəsində uğurla fəaliyyət göstərərək alimin elmi məktəbini davam etdirirlər.
Zərifə Əliyeva yüksək mənəvi keyfiyyətləri ilə seçilən ziyalı idi. O, yalnız alim və həkim kimi deyil, həm də böyük ürək sahibi olan insan kimi yadda qalmışdır. Kimsəsiz uşaqlara göstərdiyi qayğı və insanların sağlamlığı naminə yorulmaz fəaliyyəti alimin humanist şəxsiyyətini bir daha təsdiq etmişdir. Zərifə xanımın “Yüksək etimad” əsəri həkim peşəsinin etik və mənəvi tərəflərini ön plana çıxararaq bu sahədə çalışanlar üçün mühüm bələdçi rolunu oynayır.
Görkəmli oftalmoloq-alim Zərifə Əliyeva həm də nümunəvi ana və həyat yoldaşı kimi yadda qalmışdır. Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilən fikirlər Zərifə xanımın yüksək insani keyfiyyətlərini, ailəyə bağlılığını və mənəvi zənginliyini nümayiş etdirir. Ümummilli Lider qeyd etmişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.
Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmişdir. Onun vəfatı böyük itki olsa da, qoyub getdiyi elmi və mənəvi irs bu gün də yaşayır. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi bu böyük elm fədaisinin ideyalarının yaşadılması və səhiyyə sahəsində tətbiqi baxımından mühüm rol oynayır.
Tibb elminin inkişafında xüsusi xidmətləri ilə seçilən Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2023-cü ildə Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası birgə silsilə tədbirlər həyata keçirmişdir.
Beləliklə, Zərifə Əliyevanın həyat yolu elmə, insanlığa və Vətənə xidmətin parlaq nümunəsi kimi yadda qalmışdır. Onun zəngin irsi gələcək nəsillər üçün tükənməz bir məktəb, formalaşdırdığı yüksək mənəvi dəyərlər isə hər zaman yol göstərən parlaq bir mayak kimi əhəmiyyətini qoruyur.
Bədəl Bədəlov
Milli Məclisin deputatı

















