Son illərdə Azərbaycanda, xüsusilə Bakı və böyük şəhərlərdə ev almaq xeyli çətinləşib və bu, əsasən qiymətlərin gəlirlərə nisbətən daha sürətlə artması ilə bağlıdır. Əsas sual isə ondan ibarətdir ki, mənzil bazarında bu bahalaşmanı yaradan əsas qtisadi amillər hansılardır və niyə ev sahibi olmaq bir çox ailələr üçün müşkül məsələyə çevrilib.
1xeber.media xəbər verir ki,məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, Azərbaycanın daşınmaz əmlak bazarındakı qiymətlər faktiki reallığı tam əks etdirmir və bir çox hallarda real bazar dəyərindən xeyli yüksəkdir. Bunun bir neçə əsas səbəbi mövcuddur.
"Birinci növbədə, ölkə əhalisinin böyük hissəsi paytaxta köçüb. İş imkanları və xidmət sahələri əsasən Bakı və ətraf ərazilərdə cəmləşdiyi üçün bu, mənzil bazarında tələbin artmasına səbəb olur. İkinci mühüm amil söküntü və yenidənqurma işləridir. Paytaxtın mərkəzi rayonlarında aparılan söküntülər nəticəsində insanlar şəhərin kənarlarına və ətraf ərazilərə üz tuturlar. Verilən kompensasiyalar isə çox vaxt mərkəzdə yeni mənzil almağa kifayət etmir. Bu da əlavə olaraq Bakı ətrafında mənzil tələbinin artmasına gətirib çıxarır. Digər tərəfdən, investisiya məqsədilə daşınmaz əmlaka yönəlmə də bazarda qiymətləri yüksəldən amillərdəndir. Bir çox ölkələrdə olduğu kimi, insanlar vəsaitlərini daşınmaz əmlaka yönəldərək onu qorumağa üstünlük verirlər. Bu isə bazarda süni tələbin formalaşmasına və qiymətlərin real dəyərdən yuxarı olmasına səbəb olur".
Ekspert bildirib ki, son illərdə, xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra Azərbaycanda daşınmaz əmlaka investisiya axını artıb.
"Həm xaricdə yaşayan azərbaycanlılar, həm də digər investorlar Bakı şəhərində mənzil almağa üstünlük veriblər. Bu da tələbi artıraraq qiymətlərin yüksəlməsinə səbəb olub. Bununla belə, hazırda bazarda müəyyən doyma müşahidə olunur və əvvəlki illərlə müqayisədə alış aktivliyi zəifləməyə başlayıb. Buna görə də gələcək dövrdə qiymət artımının əvvəlki templə davam etməsi ehtimalı azdır".
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan genişmiqyaslı bərpa və məskunlaşdırma layihələri uzunmüddətli perspektivdə Bakı üzərindəki demoqrafik təzyiqi azalda bilər.

















